Braziliya millisinin və “Əl-Hilal”ın hücumçusu Neymar sol dizindəki ön çarpaz bağın qopması ilə, görünür, 10 aya qədər futbolsuz qalacaq.
Arena.az bu barədə nüfuzlu “O Globo” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, təcrübəli futbolçu Belu-Orizonti şəhərində əməliyyat ediləcək. Bunu Neymarın özü istəyib, çünki hücumçu əməliyyatın Braziliya millisinin həkimi Rodriqo Lasmar tərəfindən aparılmasını istəyir. Cərrahiyyə müdaxiləsi artıq planlaşdırılıb, amma həkimlər hələ də “Əl-Hilal” rəhbərliyinin yekun təsdiqini gözləyirlər. Səudiyyə Ərəbistanı klubu əməliyyatı Parisdə həyata keçirmək niyyətində idi, amma futbolçu israrla onu Lasmarın əməliyyat etməsini istəyib. Əvvəllər, 2018-ci ildə və bu ilin yazında Lasmar müxtəlif zədələri ilə bağlı Neymara kömək edib.
Xatırladaq ki, Neymar 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Uruqvay yığmasına qarşı oyunda (0:2) ağır zədə almışdı.
Neymar cari ilin yay transfer pəncərəsində PSJ-dən “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan bir il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.
Cari mövsümdə futbolçu “Əl-Hilal”ın heyətində 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.
Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı Neymarı 50 milyon avro məbləğində qiymətləndirir.


