Braziliya millisinin həkimi Rodriqo Lasmar hücumçu Neymarın 2024-cü il Amerika Kuboku turnirini buraxacağını bildirib.
Arena.az xatırladır ki, Neymar 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ağır zədə almışdı.
O, daha sonra sol dizindəki ön çarpaz bağın və meniskin yırtığından əməliyyat edilib.
“Vaxt azdır, hələ tezdir, gərəksiz riskə getməyin mənası yoxdur. Avqustun əvvəlində Avropada 2024/2025 mövsümünün başlanğıcına kimi onun qayıtmağa hazır olacağını gözləyirik. Səbirli olmalıyıq. 9 aydan tez qayıtmaq barədə danışmaq tezdir.
Bədənin bu bağı meydana gətirməsi üçün gərəkli vaxtın olması çox vacibdir. Bu müddətdən sonra onun yüksək səviyyədə bərpa olunacağı gözlənilir”, – “Reuters” agentliyi “Radio 98 FM”-ə istinadən Lasmardan sitat gətirir.
2024-cü il Amerika Kuboku turniri iyunun 20-dən iyulun 14-dək ABŞ-da keçiriləcək.
Braziliyalı ulduz futbolçu cari ilin yay transfer pəncərəsində PSJ-dən “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan bir il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.
Cari mövsümdə Neymar “Əl-Hilal”ın heyətində 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.
Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı Neymarı 50 milyon avro məbləğində qiymətləndirir.


