Braziliya millisinin həkimi Rodriqo Lasmar “Əl-Hilal”ın braziliyalı ulduzu, hücumçu Neymarın zədədən nə vaxt sağalacağı haqda məlumat verib.
Arena.az xatırladır ki, Neymar 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ağır zədə almış və bu səbəblə cərrahi əməliyyat edilmişdi.
Hazırda ulduz futbolçu dizinin çarpaz bağının yırtığından sonra bərpa prosesi keçir. O, fiziki formasının bərpası üzrə yüngül məşqlərlə məşğuldur.
Rodriqo Lasmar Neymarın cari ilin iyul-avqust aylarında sağalacağını bildirib:
“Hələ onun bərpasının yarısını belə keçməmişik. Yalnız doqquz və ya on aylıq fizioterapiya prosedurlarını başa vurduqdan sonra onun sahəyə qayıtmasını qəti şəkildə təsdiqləmək mümkün olacaq”, – “Mundo Deportivo” nəşri Lasmarın sözlərini sitat gətirir.
Xatırladaq ki, Neymar ötən ilin yayında, PSJ-də 6 il keçirdikdən sonra “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan 1 il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.
Cari mövsümdə təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.
Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 31 yaşlı braziliyalı vingerin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.


