Nicat Abbasov Fabiano Karuanaya ikinci oyunda uduzdu

Azərbaycan şahmatçısı Nicat Abbasov Bakıda keçirilən Dünya Kubokunda üçüncü yer uğrundakı ikinci oyundan məğlubiyyətlə ayrılıb.

Arena.az xəbər verir ki, 28 yaşlı qrosmeyster ABŞ təmsilçisi Fabiano Karuanaya qarşı bu gün keçirdiyi cavab görüşündə istəyinə çata bilməyib.

Ötən gün baş tutmuş ilk oyundan qalib ayrılmış Nicata bu gün bürünc medalı təmin etmək üçün heç-heçə də bəs edirdi. Lakin məğlub olan şahmatçımız ümumi hesabın bərabərləşməsinə mane ola bilməyib. Qalib sabah tay-brekdə müəyyənləşəcək.

Xatırladaq ki, Nicat Abbasov Dünya Kubokunun yarımfinalında beşqat dünya çempionu, Norveç şahmatçısı Maqnus Karlsenə 0,5:1,5 hesabı ilə uduzmuşdu. Fabiano Karuana isə yarımfinalda Rameşbabu Praqnanandhaya (Hindistan) məğlub olmuşdu – 2,5:3,5.

Yeri gəlmişkən, bu gün finalın da ikinci oyunu baş tutub. Rameşbabu Praqnanandha (Hindistan) Maqnus Karlseni (Norveç) sınağa çəkib. Şahmatçılar bu dəfə də bərabərə qalıblar. İlk oyunda da heç-heçə qeydə alındığından Dünya Kubokunun qalibi sabah tay-brekdə məlum olacaq.

Sayca 10-cu dəfə təşkil olunmuş Dünya Kubokunun ümumi mükafat fondu 2,5 milyon ABŞ dollarıdır. Kişilərin yarışında ilk üç yeri tutacaq şahmatçılar İddiaçılar Turnirinə vəsiqə qazanacaqlar.

Dünya Kuboku səkkiz illik fasilədən sonra ikinci dəfə Bakıda təşkil olunub. İlk dəfə mötəbər yarış 2015-ci ildə Azərbaycanda keçirilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: