Azərbaycan şahmatçısı Nicat Abbasov Bakıda təşkil olunmuş Dünya Kubokunun yarımfinal mərhələsində ilk oyununu keçirib.
Arena.az xəbər verir ki, 28 yaşlı qrosmeyster beşqat dünya çempionu, norveçli Maqnus Karlsenlə üz-üzə gəlib.
Qara fiqurlarla mübarizə aparan Abbasov rəqibinə məğlub olub. Onların arasındakı cavab qarşılaşması sabah baş tutacaq.
Xatırladaq ki, Nicat Abbasov 1/4 finalda Hindistan təmsilçisi Vidit Santoşu, Maqnus Karlsen isə onun həmyerlisi Domaracu Qukeşi mübarizədən kənarlaşdırmışdı.
Bakıdakı Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq. Sayca 10-cu dəfə təşkil olunmuş Dünya Kubokunun ümumi mükafat fondu 2,5 milyon ABŞ dollarıdır. Kişilərin yarışında ilk üç yeri tutacaq şahmatçılar İddiaçılar Turnirinə vəsiqə qazanacaqlar.
Dünya Kuboku səkkiz illik fasilədən sonra ikinci dəfə Bakıda təşkil olunub. İlk dəfə mötəbər yarış 2015-ci ildə Azərbaycanda keçirilib.


