Azərbaycan gimnastı Nikita Simonov Bakıda keçirilən kişi və qadın idman gimnastikası üzrə dünya kubokunun qalibi olub. Arena.az xəbər verir ki, yarışın 3-cü günündə finalda mübarizə aparan gimnastımız Nikita Simonov doğma divarlar arasında bayrağımızı yüksəldib, himnimizi səsləndirib.
Yarışın ilk günü halqalar ilə hərəkətlərin icrasında təsnifat mərhələsini birinci pillədə başa vuran atletimiz finalda da eyni uğuru təkrarlayıb. Hakimlərdən 14.733 xal alan Nikita Simonov bir sıra güclü rəqibləri geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Mürəkkəb hərəkətləri böyük əzmkarlıqla nümayiş etdirən Nikitanın çıxışı zalda əyləşən tamaşaçıların gur alqışları və dəstəyi ilə müşayiət olunub. İdmançımızın qələbə anı gimnastikasevərlərə duyğulu anlar yaşadıb. Belə ki, dövlət himnimiz səslənərkən zalda əyləşən bütün azarkeşlər fəxri kürsüdə dayanan gimnastımızla birgə Azərbaycan himnini sonadək uca səslə ifa ediblər.
Bugünkü final günündə həmçinin kişilər arasında sərbəst hərəkətlər, paralel qollar, qadınlar arasında isə dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar üzrə qaliblər də müəyyənləşib.
Yarışda ən yüksək icra xalı toplamış gimnastlar qadınlar arasında İndoneziya təmsilçisi Rifda İrfanalutfi və kişilər arasında İtaliya təmsilçisi Nikola Bartolini “AGF Trophy” kuboku ilə təltif olunublar.
Sabah keçiriləcək final yarışlarında kişi gimnastlar dayaqlı tullanma, dəstəli at və turnik üzrə qalibləri müəyyənləşdirəcəklər. Qadın gimnastlar isə gimnastika tiri və sərbəst hərəkətlər üzrə proqramlarını nümayiş etdirəcəklər.
Xatırladaq ki, Azərbaycanı dünya kubokunun final mərhələsində daha iki gimnastımız təmsil edəcək. Yığma komandamızın üzvü İvan Tixonov turnik, Nazənin Teymurova isə sərbəst hərəkətlər proqramında mübarizə aparacaqlar.


