Azərbaycan millisinin üzvü Nikita Simonov Qətərin Doha şəhərində keçirilən idman gimnastikası üzrə dünya kubokunda bürünc medal qazanıb. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 27 yaşlı idmançı halqa ilə hərəkətlərin icrasında üçüncü nəticə göstərib. Yığma komandamızın üzvü bir gün öncə halqalar ilə hərəkətlərin icrasında təsnifat mərhələsini uğurla başa vuraraq finala adlamışdı. Nikita Simonov təsnifat mərhələsində dördüncü yeri tutmuşdu.
Xatırladaq ki, Dohadakı dünya kubokunda Azərbaycan yığma komandasının digər üzvü Nazənin Teymurova da finala yüksəlib. O, sərbəst hərəkətlərin icrasında təsnifat mərhələsini 5-ci pillədə başa vuraraq həlledici mərhələyə adlayıb.


