Nikita Simonovdan Bakıdakı dünya kubokuna uğurlu start

Martın 9-da Bakıdakı Milli Gimnastika Arenasında kişi və qadınlar arasında idman gimnastikası üzrə dünya kubokuna start verilib. Arena.az xəbər verir ki, dünya kubokunun ilk günündə keçirilən təsnifat mərhələsi çərçivəsində kişi idmançılar sərbəst hərəkətlər, paralel qollar və halqalar üzrə çıxışlarını təqdim ediblər.

Qadın idman gimnastları isə dayaqlı tullanma və müxtəlif hündürlüklü qollar üzrə hərəkətləri icra ediblər.

Azərbaycanın üç təmsilçisi yarışın ilk günündə qüvvəsini sınayıb. Gimnastımız İvan Tixonov paralel qollar, Nikita Simonov halqalar, Nazənin Teymurova isə dayaqlı tullanma ilə hərəkətləri nümayiş etdirib.

Nikita Simonov halqalar ilə hərəkətlərdə 14.733 xalla 1-ci pillədə yer alaraq finala adlayıb.

İvan Tixonov paralel qollarda 13.400 xalla 15-ci pillədə qərarlaşıb.

Dayaqlı tullanma hərəkətlərində çıxış edən qadın gimnastımız Nazənin Teymurovanın çıxışı hakimlər tərəfindən 12.449 xalla qiymətləndirilib. Yekunda təmsilçimiz 10-cu pillədə yer alıb.

Dünya kubokuna 48 ölkədən 173 idmançı qatılıb. Dörd gün davam edəcək yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq. Martın 10-da keçiriləcək təsnifat mərhələsində kişilər dayaqlı tullanma, dəstəli at, turnik, qadınlar isə gimnastika tiri və sərbəst hərəkətlərdə qüvvələrini sınayacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaş: