Nikita Vityuqov da Rusiya bayrağı altında oynamaqdan imtina etdi

Rusiyalı şahmatçı, 36 yaşlı qrosmeyster Nikita Vityuqov idman vətəndaşlığını dəyişib, o, bundan sonra İngiltərəni təmsil edəcək.

Arena.az xəbər verir ki, Vityuqov İspaniyada yaşayır və onun idman vətəndaşlığını dəyişməyi gözlənilən idi.

Amma Vityuqovun məhz İngiltərə seçimi üzərində dayanması gözlənilməz olub. Britaniyalıların rusiyalı qrossmeysterə daha yaxşı şərait və şərtlər təklif etməsi istisna edilmir. Mütəxəssislər Vityuqovun Rusiya bayrağı altında iştirakdan imtina etməsini Rusiya şahmatı üçün ciddi itki sayırlar.

Bundan əvvəl Vladimir Fedoseyev və Anton Demçenko Sloveniya bayrağı altına keçiblər. Digər sabiq rusiyalı qrossmeysterlər – Kirill Alekseyenko hazırda Avstriyanı, Aleksey Sarana və Aleksandr Predke Serbiyanı, Aleksandr Motılyov Rumıniyanı, Sənan Syuqirov Macarıstanı təmsil edirlər. Daha əvvəl Daniil Yuffa İspaniyanı, Qriqori Oparin isə ABŞ-ı seçmişdi.

Nikita Vityuqov 2720 reytinq balı ilə FIDE reytinqində 25-ci yerdə qərarlaşıb. O, Rusiya komandasının heyətində dəfələrlə dünya çempionu olub.

Xatırladaq ki, 2023-cü ilin əvvəlində Beynəlxalq Şahmat Federasiyası (FIDE) Rusiya Şahmat Federasiyasının (FŞR) Asiya təşkilatına keçməsindən sonra, sürətləndirilmiş proqram çərçivəsində rusiyalı oyunçulara idman vətəndaşlığını dəyişməyə icazə verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: