Nikola Moro və Sam Beukema rəsmən “Bolonya”da

Futbol üzrə Xorvatiya millisinin və Moskva “Dinamo”sunun dayaq yarımmüdafiəçisi Nikola Moro İtaliyanın “Bolonya” klubuna transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Bolonya” bu transferə görə Rusiya klubuna 2,5 milyon avro ödəyib. 25 yaşlı futbolçu ilə 4 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Nikola Moro Zaqreb “Dinamo”sunun yetirməsidir. O, Moskva “Dinamo”suna 2020-ci ilin avqustunda 8,5 milyon avro qarşılığında keçmişdi. Xorvat futbolçu Rusiya klubunun heyətində 66 oyuna çıxıb, 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Moro ötən mövsümü icarə əsasında məhz “Bolonya”da keçirib. O, bu komandada 28 matça çıxıb, 1 qol vurub, 5 assist müəllifi olub. Yarımmüdafiəçi Xorvatiya millisində də 1 oyun keçirib.

“Bolonya” Niderlandın “Alkmaar” klubundan Sam Beukemanı da transfer edib. 24 yaşlı mərkəz müdafiəçisinin transferi İtaliya klubuna 7 milyon avroya başa gəlib. Beukema da “Bolonya” ilə 4 illik müqavilə bağlayıb.

Sam Beukema peşəkar karyerasına “Qou Ehed İqlz” klubunda başlayıb. Niderlandlı futbolçu “Alkmaar”a 2021-ci ilin iyulunda cəmi 900 min avro qarşılığında keçmişdi. O, bu komandada 81 oyuna çıxıb, 6 qol və 1 assistlə yadda qalıb.

“Bolonya”da 4 ayrılıq

“Bolonya” Niderlanddan olan digər müdafiəçisi Denso Kasiusu isə “Alkmaar”a satıb. 20 yaşlı futbolçunun transferi İtaliya klubuna 3 milyon avro qazandırıb. Halbuki, sözügedən klub onu ötən ilin yanvarında “Utrext”dən 3,28 milyon avro qarşılığında transfer etmişdi. Amma sağ cinah müdafiəçisi “Bolonya”da cəmi 14 oyuna çıxıb, 2 assist müəllifi olub. O, karyerası ərzində “Volendam”, “Rapid” (Vyana) kimi klublarda da oynayıb.

“Bolonya” gənc futbolçuları Matteo Angeli və Musa Yuvara ilə də yollarını ayırıb. 20 yaşlı sağ cinah müdafiəçisi Angeli “Çittadella”ya, 21 yaşlı hücumçu Yuvara isə Danimarkanın “Vayle” klubuna transfer olunub.

“Bolonya” yarımmüdafiəçisi Roberto Soriano ilə də vidalaşıb. 32 yaşlı futbolçu hazırda azad agent kimi təklifləri dəyərləndirir. O, 2019-cu ildən formasını geyindiyi “Bolonya”da 153 oyuna çıxıb, 18 qol və 26 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli futbolçu “Sampdoriya”, “Vilyarreal”, “Empoli” və “Torino” kimi klubların da formasını geyinib. O, İtaliya yığmasında da 9 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: