Belçikanın “Şarlerua” klubunun serbiyalı mərkəz hücumçusu Nikola Ştuliç bundan sonra “Leççe”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
A Seriyası təmsilçisi bu transfer üçün “Şarlerua”ya 5 milyon avro ödəyib. 23 yaşlı forvardla 4 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Nikola Ştuliç Serbiyanın “Partizan” klubunun yetirməsidir. O, 2022-ci ilin qışında “Radniçki Niş” klubuna, bir il sonra isə “Şarlerua”ya keçib. Hücumçu Belçika klubunun heyətində 58 oyun keçirib, 19 qol vurub, 3 məhsuldar ötürmə verib.
Ştuliç 2023-cü ildə debüt etdiyi Serbiya millisinin heyətində 2 oyun keçirib.
“Transfermarkt” internet-portalı 23 yaşlı hücumçunun transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.



