Braziliyanın “Botafoqo” klubundan azad agent kimi ayrılmış qapıçı Norberto Neto bundan sonra yenidən “Yuventus”da çıxış edəcək.
Arena.az xəbər verir ki, Turin klubunun mətbuat xidməti 37 yaşlı qolkiperlə müqavilə imzalandığını açıqlayıb.
Tərəflər arasındakı müqavilə 2027-ci il iyunun 30-dək qüvvədə olacaq. Futbolçu Turin təmsilçisinə azad agent statusunda keçib.
Qeyd edək ki, braziliyalı qapıçı daha əvvəl 2015-2017-ci illərdə “Yuventus”un formasını geyinib. O, həmin müddətdə klubun heyətində 22 matç keçirib və iki dəfə İtaliya çempionu, iki dəfə ölkə kubokunun qalibi, bir dəfə isə İtaliya Super Kubokunun sahibi olub.
Norberto Neto karyerası ərzində “Fiorentina”, “Valensiya”, “Barselona”, “Arsenal”, “Bornmut”, “Atletiko Paranaense” və “Botafoqo” klublarında da çıxış edib.
Onun son klubu “Botafoqo” olub. Neto Braziliya təmsilçisinin heyətində bütün turnirlərdə 18 oyuna çıxıb və 5 matçda qapısını toxunulmaz saxlayıb.


