İngiltərə Premyer Liqasının yeni iştirakçısı olan “Nottingem Forest” bu yay daha bir səs-küylü transfer həyata keçirib. Arena.az xəbər verir ki, sözügedən klub “Vulverhempton”un hücumameylli yarımmüdafiəçisi Morqan Gibbs-Uaytı heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İngiltərədən olan 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Yarımmüdafiəçi yeni komandasında 10 nömrəli formanı geyinəcək.
“Nottingem Forest” bu transfer üçün “Vulverhempton”a 29.5 milyon avro ödəyib. Bu isə klub tarixinin ən bahalı transferi deməkdir. Üstəlik, “Vulverhempton”un futbolçunun performansından asılı olan əlavə bonuslar qazanması da mümkündür.
Yamayka əsilli Morqan Gibbs-Uayt “Vulverhempton”un öz yetirməsidir. O, 2017-ci ildə debüt etdiyi əsas komandada bütövlükdə 88 oyun keçirib, 3 qol vurub. Yarımmüdafiəçi 2020/21 mövsümünü “Suonsi Siti”də, ötən mövsümü isə “Şeffild Yunayted”də icarədə keçirib. O, geridə qalan mövsümdə meydana çıxdığı 40 matçda 13 qola imza atıb. Gibbs-Uayt İngiltərənin aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.