İngiltərənin “Nottingem Forest” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, uzun fasilədən sonra Premyer Liqada mübarizə aparacaq bu klub “Bernli”dən 35 yaşlı qapıçı Ueyn Hennesini transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Uels yığmasının sabiq qapıçısı ilə 2 illik müqavilə imzalanıb.
Ueyn Hennesi peşəkar karyerasına İngiltərənin “Vulverhempton” klubunda başlayıb. O, bu klubda olarkən “Bristol Siti”, “Stokport Kaunti” və “Yovil Taun” kimi komandalara icarəyə verilib. 2014-cü ildə “Vulverhempton”dan ayrılan qolkiper “Kristal Pelas”a keçib və 2021-ci ilə qədər bu komandanın uğurları üçün çalışıb. Ötən mövsümün əvvəlində isə o, “Bernli”yə transfer olunmuşdu. Lakin təcrübəli futbolçu sözügedən komandada daha çox ehtiyatda qalıb. Hennesi Uels yığmasında 104 oyun keçirib.
“Nottingem Forest” öz futbolçularından Conatan Panzonu da “Koventri Siti”yə icarəyə verdiyini açıqlayıb. 21 yaşlı ingilis futbolçu qarşıdakı mövsümün sonunadək bu komandada icarədə oynayacaq. “Monako”nun yetirməsi olan müdafiəçi, karyerası ərzində “Serkl Brügge” və “Dijon”un da formasını geyini. O, bu ilin yanvarında “Nottingem Forest”ə transfer olunmuşdu.

Yeri gəlmişkən, Ueyn Hennesini “Nottingem Forest”ə göndərən “Bernli” də Belçikanın “Anderlext” klubunun yarımmüdafiəçisi Coş Kalleni transfer edib. İrlandiya millisinin də üzvü olan 26 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Coş Kallen peşəkar karyerasına “Vest Hem”də başlayıb. O, bu klubda olarkən “Bredford Siti”, “Bolton” və “Çarlton Atletik” kimi komandalarda icarədə oynayıb. İrland yarımmüdafiəçi 2020-ci ildən “Anderlext”də çıxış edirdi. O, İrlandiya yığmasında da 20 oyun keçirib.
