“Nottingem Forest” Premyer Liqada “meşəçilər”in “Bornmut”la 18-ci tur oyununun (2:3) baş hakimi Robert Consun kənarlaşdırılmasını istəyir.
Arena.az bu barədə “The Telegraph” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, sözügedən klub İngiltərə Peşəkar Hakimlər Şurasının (PGMOL) rəhbəri Hovard Uebb ilə bu xüsusda əlaqə saxlayıb. “Meşəçilər” komandanın oyunçusu Villi Bolini meydandan səhvən qovması səbəbindən hakim Consun oyunları idarə etməkdən kənarlaşdırılmasını tələb ediblər.
Uebb daha sonra komandanın baş məşqçisi Nuno Espirito Santo ilə əlaqə saxlayıb və Consun ciddi səhv etdiyini bildirib. Bununla belə, “Nottingem Forest” Uebbdən hakimlər və videoköməkçilər arasındakı söhbətin yazısının kluba göndərilməsini istəyir.
Xatırladaq ki, oyunun 23-cü dəqiqəsində Boli sürüşmə fəndi tətbiq etməklə, təmiz surətdə topa oynasa da, baş hakim Cons futbolçunun rəqibin topuğuna oynadığına qərar verib və Bolini meydandan qovub.
Hazırda “Nottingem Forest” Premyer Liqada 18 oyundan sonra turnir cədvəlində 14 xalla 17-ci, “Bornmut” isə 17 oyundan sonra 22 xalla 12-ci pillədə qərarlaşıb. Premyer Liqaya 40 xalla “Arsenal” başçılıq edir.


