Almaniya nəhəngi “Bayern”in veteran liderləri – hücumçu Tomas Müller və qapıçı Manuel Noyer cari mövsümün yekunlarından danışıblar.
Arena.az xatırladır ki, “Bayern” mövsümü qənimətsiz başa vurub.
Tomas Tuxelin çalışdırdığı komanda Bundesliqanın “bürünc”ü ilə kifayətlənib, qalan yarışlarda isə uğursuz olub.
“Bu il bizi məğlub etmiş hər kəsi, o cümlədən, əlbəttə ki, Almaniyanın yeni çempionlarını təbrik edirik. İndi bütün bunları geridə qoyacağıq, bu mövsümü başa vurub yenisinə başlamağı çox istəyirəm.
Ola bilsin ki, komanda olaraq bir-birimizə uyğunlaşmırdıq, bəlkə başqa növlü futbolçuya ehtiyacımız vardı, bəlkə də çalışdırıcı başqa cür davranmalı idi. Hər birimiz yeni məşqçi ilə hər şeyi yenidən başlamaq məcburiyyətindəyik” – “Bayern & Germany” dərgisi Tomas Müllerdən sitat gətirir.
“Oyunun eniş-yoxuşları vardı. Ümumilikdə mövsüm boyu yaxşı və o qədər də yaxşı olmayan mərhələlərimiz oldu. Deməli, bəlkə də bugünkü oyun bunu yekunlaşdırır. İkinci yeri tutmaq istəyirdik, amma təəssüf ki, buna nail olmadıq. Ona görə də əlbəttə ki, məyus oluruq.
Bu, hamımız üçün çox çətin bir mövsüm oldu. Hər şeyi sıfırdan, o cümlədən bizim tərəfdən, komandadan başlamaq gərəkdir. Bunun davam edə bilməyəcəyi aydındır. Davamlılıq bu mövsümün ən böyük fəsadı oldu. Növbəti mövsüm yenidən hücuma keçə bilmək üçün fərqli sima göstərməliyik. Hər kəs məsuliyyət daşıyır”, deyə Manuel Noyer 34-cü turun “Hoffenhaym”la səfər oyunundan sonra bildirib.
Xatırladaq ki, “Bayern” bu oyunda iki top fərqi ilə üstünlüyünü əldən verərək, 2:4 hesabı ilə məğlub olub və Bundesliqanın gümüş medalını qaçıraraq, bürünc medalla kifayətlənib. Buna rəğmən, “Bayern” növbəti mövsüm üçün UEFA Çempionlar Liqasında iştirakını təmin edib.


