Portuqaliyanın “Braqa” klubunun sol cinah müdafiəçisi Nuno Sekeyra Türkiyə Super Liqasının yeni iştirakçısı “Pendikspor”a keçib.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıb.
Portuqaliyadan olan 32 yaşlı futbolçunun yeni klubu ilə neçə illik anlaşdığı açıqlanmır. Türkiyə təmsilçisinin bu keçid üçün nə qədər təzminat ödədiyi də bilinmir.
Nuno Sekeyra 2017-ci ildən “Braqa”nın uğurları üçün çalışırdı. O, bu komandada 184 oyun keçirib, 2 qol və 28 assistlə yadda qalıb. Futbolçu daha öncə “Nasional” və “Leyşoyş”da da oynayıb.
“Pendikspor” bu yay “Qalatasaray”dan ayrılan sol cinah müdafiəçisi Emre Taşdemiri də heyətinə qatıb. 27 yaşlı futbolçu ilə də neçə illik müqavilə imzalandığı açıqlanmır.
Emre Taşdemir “Qalatasaray”a 4,5 il öncə “Bursaspor”dan transfer edilmişdi. O, bu komandanın heyətində cəmi 37 oyuna çıxıb, 1 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Emre daha öncə “Bursaspor”, “Ankaragücü”, “Girəsunspor” və “Kayserispor” kimi klubların da formasını geyinib.
“Pendikspor” “Eyüpspor”un iki futbolçusunu – sağ cinah vingeri Halil Akbunarla hücumçu Erencan Yardımcını da icarəyə götürüb. Onların hər ikisi qarşıdakı mövsümün sonuna kimi Super Liqanın yeni iştirakçısının uğurları üçün çalışacaq.
“Qalatasaray”ın yetirməsi olan Erencan Yardımcı 2021-ci ildən “Eyüpspor”dadır. 21 yaşlı hücumçu daha öncə “Alanyaspor”da da icarədə oynayıb.
Halil Akbunar isə “Eyüpspor”a bu ilin yanvarında qoşulub. 29 yaşlı futbolçu daha öncə “Göztəpə”, “Elazığspor”, “Vesterlo” kimi klublarda da forma geyinib, Türkiyə yığmasında 2 matç keçirib.
“Pendikspor” komandanın Super Liqaya çıxmasında əməyi olan bir neçə futbolçu ilə də yollarını ayırıb. Klub Mesut Özdemir, Hasan Hatipoğlu, Kubilay Anteplioğlu, Oltan Karakullukçu və Erhan Kara ilə vidalaşıb. Onların hər birinə təşəkkür edilib, gələcək karyeralarında uğurlar arzulanıb.


