“Nyukasl”ın idman direktoru Den Eşuort, “sağsağanlar”ın Səudiyyə Ərəbistanı klublarından oyunçu transferi ilə bağlı məsələ haqda danışıb.
Arena.az xəbər verir ki, Eşuort kluba bu məsələdə mane ola biləcək halların olub-olmaması ilə bağlı sualı cavablayıb:
“Hazırda belə qaydalar yoxdur. Mövcud qaydalar deyir ki, buna heç nə mane ola bilməz. Amma çox güman ki, müxtəlif təşkilatlar bu transferləri tərəflərin mənsubiyyətləri baxımından araşdıracaqlar və oyunçuların ədalətli bazar dəyəri ilə alınmasını təmin edəcəklər. Bununla belə, bu təcrübə kifayət qədər uzun müddətdir mövcuddur”, deyə Eşuort bildirib.
Vurğulayaq ki, müvafiq məsələ və sualın məhz belə şəkildə qoyuluşu “Nyukasl”ın səhmlərinin 80%-nin Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fonduna məxsus olması səbəbindən yaranıb.
Hazırda, Eddi Haunun çalışdırdığı “Nyukasl” Premyer Liqada keçirdiyi 10 oyundan 17 xal toplayıb və turnir cədvəlində 6-cı yerdə qərarlaşıb.


