İtaliyanın “Roma” klubunun norveçli sağ vingeri Ola Solbakken bundan sonra “Empoli”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klublarının mətbuat xidmətləri məlumat yayıblar.
“Empoli” 25 yaşlı futbolçunu 2025-ci ilin 30 iyununa qədər icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.
Ola Solbakken “Rusenborq”un yetirməsi olsa da, peşəkar karyerasına “Ranheym”də başlayıb. “Roma” onu 2023-cü ilin yanvarında “Bodo Qlimt”dən azad agent kimi transfer edib. Norveçli futbolçu “canavarlar”ın heyətində cəmi 15 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. “Roma” Solbakkeni daha öncə “Olimpiakos” və “Urava Red Daymdons” klublarına da icarəyə vermişdi. O, Norveç millisində də 11 oyuna çıxıb, 1 qol vurub.
“Roma” dayaq yarımmüdafiəçisi Ebrima Darbonu da “Frozinone”yə icarəyə verib. 23 yaşlı qambiyalı futbolçunun da icarə müddəti 1 ildir.
Ebrima Darbo peşəkar karyerasına məhz yetirməsi olduğu “Roma”da başlayıb. O, daha öncə LASK, “Sampdoriya” kimi klublarda da icarədə olub. Gənc futbolçu “canavarlar”ın əsas komandasında 11 oyuna çıxıb, 1 assistlə yadda qalıb. O, Qambiya yığmasında da 13 oyun keçirib.
Yeri gəlmişkən, Ola Solbakkeni heyətinə qatmış “Empoli” Samuele Anqorini “Piza”ya satıb. 20 yaşlı italyan sol cinah müdafiəçisinin satışı klubuna 1,4 milyon avro qazandırıb.
“Empoli” 20 yaşlı mərkəz yarımmüdafiəçisi Lorenso İqnakkitini “Recina”ya, 21 yaşlı dayaq yarımmüdafiəçisi Duçço İnnosentini də “Spetsiya”ya icarəyə verib. Gənc futbolçuların hər ikisi qarşıdakı mövsümün sonuna kimi icarədə olacaqlar.


