Azərbaycanlı stolüstü tennisçilər Onur Quluzadə ilə Yağmur Məmmədli Türkiyənin Antalya şəhərində keçirilən beynəlxalq turnirdə 3-cü olublar. Arena.az xəbər verir ki, onlar Dünya Stolüstü Tennis Təşkilatının (WTT) təşkil etdiyi “WTT youth contender” yarışının qarışıq-qoşa turnirində bürünc medala layiq görülüblər.
Azərbaycanlı tennisçilər 1/8 finalda Türkiyəni təmsil edən Nehir Çinar – Çelik Yağız cütünə qalib gəliblər. İdmançılarımız ardınca türkiyəli Elif Akyürek – Ahmed Gülenler tandemini də mübarizədən kənarlaşdırıblar. Yarımfinalda Görkem Ocal – Busra Dəmir cütünə uduzan stolüstü tennisçilərimiz fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar.
Xatırladaq ki, yeniyetmə və gənc stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi Türkiyəyə bütövlükdə 10 idmançı ilə yollanıb. Baş məşqçi Fərhad İsmayılov martın 19-dan başlamış bu yarışda Ləman Abdulhəmidova, Zemfira Mikayilova, Arzu Aslanova, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədlidən ibarət heyətə güvənib.
Oğlanlardan ibarət Azərbaycan millisi isə Ramil Cəfərovla Elnur Hidayətzadənin rəhbərliyi altında bu heyətlə mübarizə aparır: Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə və Adil Əhmədzadə.
Yarışın ilk günlərində Yağmur Məmmədli şəxsi mübarizədə yarışın gümüş medalını qazanmışdı. Mərziyyə Nurmətova isə bürünc mükafata sahib çıxıb.
Beynəlxalq dərəcəli hakimlər Könül Mikayılova ilə Zaur Mikayılov da turnirin oyunlarını idarə edirlər.
20 ölkənin idmançılarının qatıldığı beynəlxalq turnirə martın 25-də yekun vurulacaq.


