Danimarkanın “Kopenhagen” klubunun hücumçusu Orri Oskarsson bundan sonra “Real Sosyedad”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir.
La Liqa təmsilçisi islandiyalı forvardı 20 milyon avro müqabilində transfer edib. 20 yaşlı futbolçu ilə 6 illik (2030-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Orri Oskarsson İslandiyanın “Qrotta” klubunun yetirməsidir. “Kopenhagen” onu 2020-ci ildə heyətinə qatıb. 2023-cü ildə Danimarkanın “Sonderyuske” klubunda icarədə də olmuş Oskarsson, “Kopenhagen”də 62 oyuna 23 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub.
İslandiyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış Oskarsson, 2023-cü ilin sentyabrında əsas millidə debüt edib. Gənc forvard yığmanın heyətində 8 oyun keçirib, 2 qol da vurub.
“Real Sosyedad” İngiltərənin “Vest Hem” klubunun mərkəz müdafiəçisi Nayeg Aqerdi də heyətinə qatıb. 28 yaşlı mərakeşli futbolçu bu mövsümün sonunadək La Liqa təmsilçisinin uğurarı üçün çalışacaq. Müqavilədə satınalmaya daur şərt nəzərdə tutulmayıb.
Nayef Aqerd “Vest Hem”ə 2022-ci ilin iyul ayında 35 milyon avro qarşılığında Fransanın “Renn” klubundan keçib. O, Premyer Liqa klubunun heyətində 58 oyuna çıxıb, 4 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.
Aqerd daha öncə “FUS Rabat” və “Dijon” klublarının da formasını geyinib. O, 2016-cı ilin avqust ayında debüt etdiyi Mərakeş milli komandasının heyətində 47 oyun keçirib. Müdafiəçi bu görüşlərdə 1 qol və 1 assistlə yadda qalıb.
“Transfermarkt” internet-portalı 28 yaşlı müdafiəçinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.