“Osasuna” apellyasiyanı da uduzdu, avrokuboklarsız qaldı

İspaniyanın “Osasuna” klubu 2023/2024 mövsümü üzrə Avropa Konfrans Liqasından rəsmən kənarlaşdırılıb.

Arena.az bu barədə UEFA və klubun yaydığı rəsmi məlumata istinadən xəbər verir.

UEFA Apellyasiya Komitəsi 2013/2014 mövsümündə danışılmış oyunlarla bağlı klubun apellyasiya şikayətini rədd edib.

Xatırladaq ki, 2013/2014 mövsümündə nu komanda La Liqada yaşamaq uğrunda mübarizə aparsa da, Sequndaya yuvarlanmaqdan qaça bilməyib. Pamplona təmsilçisi həmin mövsümdə “Betis”lə əlbir olub “qara oyunlar” keçirməkdə ittiham edilir. O zaman “Osasuna”ya rəhbərlik edən prezidenti başda olmaqla klubun iki direktoru və meneceri şəxsi görüşdə “Valyadolid”i məğlub etmək və pamplonalılara məğlub olmaq üçün “Betis”ə ümumilikdə 600 min avro məbləğində rüşvət ödəyiblər (əvvəlcə, 400 min avro, sonra 200 min avro).

2020-ci ildə məhkəmə “Osasuna”nın dörd sabiq rəhbəri və iki keçmiş “Betis” oyunçusu üçün real həbs cəzası qərarı vermişdi. Klubun katibi Anxel Viskaya ən uzun həbs cəzası kəsilmişdi – 8 il 8 ay.

2022/2023 mövsümündə həlledici görüşdə “Jirona”nı məğlub etmiş “Osasuna” La Liqada 7-ci yeri tutaraq, Avropa Konfrans Liqasında iştirak hüququ qazanıb.

UEFA avrokuboklara vəsiqə qazanmış hər bir klubun müvafiq “qara-qura” işlərdə iştirakını yoxlayır və müvafiq hallar aşkarlanacağı halda, klubun avrokuboklardan kənarlaşdırılması haqda qanununa əsasən ölçü götürür. Həmin qanun 2006/2007-ci il mövsümündən qüvvədədir. UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsinin müfəttişləri tərəfindən tərtib edilmiş hesabatın nəticələrinə əsasən, UEFA sözügedən klubu yolverilməz işlərdə təqsirli bilərək, qurumun rəsmi qərarı ilə avrokuboklardan kənarlaşdırılıb. Müvafiq qərardan apellyasiya şikayəti ünvanlansa da, klubun bu cəhdi uğursuz olub. Apellyasiya şikayəti rədd edilərək, qərar qüvvədə saxlanılıb və bu da “Osasuna”nın 2023/2024 mövsümündə Avropa Konfrans Liqasından kənarda qalması deməkdir.

İspaniyanı Konfrans Liqasında La Liqanı 8-ci yerdə başa vurmuş Bilbao “Atletik”i təmsil edəcək. Bask klubu mübarizəyə təsnifat mərhələsinin 4-cü raundundan başlayacaq.

Pamplona təmsilçisinin azarkeşləri son ana qədər ümidli olsalar da, vəziyyətlə barışmalı olublar. Klub rəhbərliyi isə mübarizədən çəkilmək fikrində deyil. La Liqa təmsilçisi UEFA-nın qərarına qarşı yeni apellyasiya şikayəti ilə Lozanna İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək niyyətindədir.

Xəbəri istədiklərinizlə paylaşın