“Napoli”nin hücumçusu Viktor Osimhenin agenti Roberto Kalenda, müştərisinin “Çelsi”yə keçəcəyi barədə xəbərləri şərh edib.
Arena.az xəbər verir ki, Osimhenin London təmsilçisinin hücumçusu Romelu Lukakunun sövdələşməsinə mübadilə olaraq daxil ediləcəyi haqda məlumatlar yayılıb.
Kalendanın bu xəbərlərə belə şərh verib:
“Mən Viktorun iştirakı ilə bir mübadilə haqqında qəribə uydurmalar oxudum. Hər kəs sanki Osimheni göndərilmək üzrə hazırlanan bir bağlama kimi təqdim edir. Ancaq unutmayın ki, bu “bağlama” “Napoli” tarixində üçüncü çempionluq mövsümünün ən sərrast futbolçusudur. Azacıq hörmət bəsləyin, saxta xəbərlər kifayətdir!”, deyə Osimhenin agenti vurğulayıb.
Xatırladaq ki, Osimhen “Napoli”yə 2020-ci ilin sentyabrında 75 milyon avro müqabilində “Lill”dən keçib. Nigeriyalı hücumçunun Neapol təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
2023/2024 mövsümündə Osimhen “Napoli”nin heyətində bütün yarışlarda 32 oyuna çıxb, 17 qol vurub, 4 məhsuldar ötürmə verib. Osimhenin “Napoli”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 133 oyun, 76 qol, 18 məhsuldar ötürmə.
Osimhen “Napoli” ilə 2022/2023 mövsümündə İtaliya A Seriyasının qalibi olub. Həmçinin nigeriyalı hücumçu həmin mövsümdə 26 qolla turnirin ən sərrast futbolçusu və mövsümün oyunçusu adını qazanıb.
Viktor Osimhen 2017-ci ilin iyununda debüt etdiyi Nigeriya yığmasının heyətində 35 oyuna çıxıb, 21 qol vurub, 11 məhsuldar ötürmə verib. Osimhen Nigeriyanın U-17 yığması ilə 2015 Dünya Kubokunun, U-23 yığması ilə 2015 Afrika Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı nigeriyalı hücumçunun transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.