Otar Qabeliya həmyerlisinin “Liverpul”a keçidindən danışdı

Tiflis “Dinamo”sunun sabiq qapıçısı Otar Qabeliya Gürcüstan millisinin qapıçısı Giorgi Mamardaşvilinin “Liverpul”a keçidini şərh edib.

Arena.az veteran gürcü futbolçunun bu barədə fikrini tədim edir:

“Yüksək səviyyəli komandaya keçmək həmişə müsbət qarşılanır. “Liverpul” İngiltərə çempionatının liderlərindən biridir və Çempionlar Liqasının qalibi olub. Düşünürəm ki, Alison cari mövsümdən sonra Səudiyyə Ərəbistanına yollanacaq. Giorgi nə etdiyini bilir, yəqin ki, məsləhətçiləri və ya bir növ zəmanətləri var. Əks halda o, müqaviləni imzalamazdı. Şübhəsiz ki, çətin olacaq, amma Avropa çempionatındakı kimi oynamağa davam etsə… O, perspektivli oğlandır, daha yaxşı olanları isə qapıya qoyurlar.

Onun “Liverpul”a keçməsi xoşdur. Vaxtilə onlarla oynamışam, qalib gəlmişəm. İndi İngiltərə Premyer Liqasında onları dəstəkləyirəm”, deyə Otar Qabeliya bildirib.

Xatırladaq ki, “Liverpul” Gürcüstan millisinin və “Valensiya”nın qapıçısı Georgi Mamardaşvilini 30 milyon avro müqabilində transfer etsə də, onun bu mövsümün sonunadək La Liqa klubunda qalacağını açıqlayıb.

Georgi Mamardaşvili futbola “Qaqra” klubunda qədəm qoyub. Gürcü qapıçı karyerası ərzində “Dinamo” (Tiflis), “Rustavi”, “Lokomotiv” (Tiflis) və “Valensiya”da çıxış edib.

“Valensiya” gürcü qapıçını 2021-ci ilin iyulunda Tiflis “Dinamo”sundan icarəyə götürüb, 2022-ci ilin yanvarında isə 850 min avro məbləğ müqabilində tamhüquqlu əsasda heyətinə qatıb.

Gürcü qapıçı bu mövsüm “yarasalar”ın heyətində bütün yarışlarda 4 oyuna çıxıb, 7 qol buraxıb. Mamardaşvilinin “Valensiya”nın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 104 oyun, 119 buraxılmış qol, 31 “quru” oyun.

Mamardaşvili 2021-ci ilin sentyabrında debüt etdiyi Gürcüstan millisinin heyətində 21 oyun keçirib, 35 qol buraxıb, 7 oyunda isə qapısını “quru” saxlamağı bacarıb.

Georgi Mamardaşvilinin böyük futbolda heç bir qəniməti olmasa da, 2019/2020-ci illər mövsümündə gürcü qapıçı Tiflis “Lokomotiv”inin heyətində mövsümün qapıçısı seçilib.

“Transfermarkt” internet-portalı 23 yaşlı qapıçının transfer dəyərini 45 milyon avro məbləğidə qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: