Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu Niderland Birinci Divizionunun 24-cü çərçivəsində keçirilmiş “Almere Siti” ilə görüşün iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda qarşılaşıb. “Eyndhoven” meydanı 0:1 hesablı məğlubiyyətlə tərk edib.
Ozan Can Kökçü bu görüşə start heyətdə başlayıb və 82-ci dəqiqədə əvəzlənib. Cari mövsümdə 4 qol vurmuş millimizin futbolçusu bu dəfə fərqlənə bilməyib.
Son üç matçdan məğlubiyyətlə ayrılan “Eyndhoven” cari mövsümdə keçirdiyi 24 oyunda topladığı 39 xalla 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Ozan Can “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib.


