Paris-2024: Anna Başta 1/8 finalda dayandı

Fransanın paytaxtı Paris şəhərində təşkil olunmuş Yay Olimpiya Oyunlarında (Paris-2024) qılıncoynatma yarışları davam edir.

Arena.az xəbər verir ki, Azərbaycan qılıncoynadanı Anna Başta da Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Sablyaçımız mükafatlar uğrunda yarışa 1/16 finaldan start verib. Baştanın ilk rəqibi Çin idmançısı Yanq Henqyu olub. Azərbaycan təmsilçisi bu görüşdə 15:9 hesabı ilə qalib gəlib.

Anna Başta 1/8 finalda Olimpiadaların dördqat mükafatçısı Olqa Xarlanla (Ukrayna) görüşüb. 6:15 hesabı ilə uduzan Başta Olimpiadada çıxışını başa vurub.

Qeyd edək ki, Azərbaycanın qılıncoynatma millisi Fransanın paytaxtında yalnız Başta ilə təmsil olunurdu. Qadın sablyaçıların mübarizəsi bu gün yekunlaşacaq.

Azərbaycan millisi Fransada bütövlükdə 48 idmançı ilə təmsil olunur. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.