Azərbaycanın paraüzgüçüsü Roman Saley Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında gümüş medal qazanıb.
Arena.az xəbər verir ki, S12 kateqoriyasında çıxış edən təmsilçimiz 100 metr məsafəyə arxasıüstə üzməkdə yarışıb.
O, təsnifat mərhələsində 1:01,29 göstərici ilə qrup lideri olub. Ümumi yarışda isə ikinci olan Saley finala yüksəlib. Təmsilçimiz finalda 1:00.67 nəticə ilə ikinci yeri tutub.
Qeyd edək ki, Roman Saley Rio-2016-nın gümüş, Tokio-2020-nin üçqat qızıl mükafatçısıdır.
3 təmsilçimizin cəhdləri uğursuz oldu
Bu gün Azərbaycan paraatletlərindən daha üçü medal qazanmağa çalışıb. Paraüzgüçümüz Könül Süleymanova ikinci sınağına çıxıb. Təmsilçimiz S2 kateqoriyası üzrə 50 metr məsafəyə arxasıüstə üzməkdə mübarizə aparıb. Könül Fransa paytaxtında ikinci cəhdində 1:52,64 dəqiqəlik göstərici ilə qrupda 5-ci, yekun siyahıda 11-ci olub. Bununla da Süleymanova Fransa paytaxtında çıxışını başa vurub.
O, eyni kateqoriya və üsulla 100 m məsafəyə üzməkdə öz qrupunda 5-ci olub.
Yay Paralimpiya Oyunlarında paraatıcılıq yarışları da davam edir. Azərbaycan millisinin daha bir snayperi hədəf önünə keçib.
P2 kateqoriyasında çıxış edən Aybəniz Babayeva 10 metr məsafəyə atəşaçmada mübarizə aparıb. 542 xal toplayan təmsilçimiz təsnifat mərhələsində 14-cü yeri tutub. Finala vəsiqə qazanan 8 iştirakçı arasına düşə bilməyən Aybəniz mübarizəni dayandırıb.
Bu gün parataekvondoçuların mübarizəsinə yekun vurulub. Son gündə Azərbaycan millisinin daha bir üzvü dayanq üzərinə çıxıb. Əbülfəz Abuzərli (80 kq, K44) yarışa 1/8 finaldan qoşulub. O, bu mərhələdə Allain Qanapinlə (Filippin) qarşılaşıb və inamlı qələbə qazanıb. Abuzərli 4:9 hesabı ilə geridə olsa da, 12:9 hesabı ilə qalib gəlib. Onun 1/4 finaldakı rəqibi Luis Najera (Meksika) olub. Döyüş rəqibin 6:3 hesablı qələbəsi ilə başa çatıb. Məğlubiyyətə baxmayaraq, Əbülfəz təsəlliverici görüşə qatılıb. O, serbiyalı Nikola Spayiçlə üz-üzə gəlib. 9:11 hesabı ilə uduzan təmsilçimiz çıxışını başa vurub.
Xatırladaq ki, parataekvondo millimizin heyətində daha öncə İmaməddin Xəlilov (70 kq, K44) qızıl, Sabir Zeynalov (58 kq, K44) bürünc medal qazanmışdı.
Azərbaycan 24-cü sırada
Beləliklə, Raman Saleyin uğurundan sonra Azərbaycan Yay Paralimpiya Oyunlarının medal sıralamasında 24-cü pilləyə yüksəlib. Yığmamızın hesabında 1 qızıl, 1 gümüş və 1 bürünc medal var.
Siyahıya Çin (20 qızıl, 15 gümüş, 7 bürünc) başçılıq edir. Böyük Britaniya (11 qızıl, 8 gümüş, 6 bürünc) ikinci, Braziliya (8 qızıl, 3 bürünc, 12 bürünc) üçüncüdür.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.