Fransanın paytaxtı Paris şəhərində təşkil olunmuş Yay Olimpiya Oyunlarında (Paris-2024) triatlon yarışları davam edir.
Arena.az xəbər verir ki, bu gün triatlonçuların fərdi yarışları keçirilib.
Azərbaycan millisinin olimpiyaçısı Rostislav Pevtsov da start xəttinə çıxıb.
Üzgüçülükdən sonra 37-ci olan təmsilçimiz velosiped yarışını 50-ci yerdə tamamlayıb. Qaçışda mövqeyini yaxşılaşdıran Pevtsov finişə 43-cü çatıb. O, ümumi məsafəni 1 saat 50 dəqiqə 36 saniyəyə qət edib.
Xatırladaq ki, dünən keçirilməli olan triatlon yarışı Sena çayındakı suyun keyfiyyətinin normadan aşağı düşməsinə görə təxirə salınmışdı.
Azərbaycan Fransada bütövlükdə 48 idmançı ilə təmsil olunur. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. İdmançılarımızdan hələlik yalnız cüdoçu Hidayət Heydərov Olimpiya çempionu olub.
Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.


