Paris-2024: Sabir Zeynalov bürünc medal qazandı!

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Fransada keçirilən Yay Paralimpiya Oyunlarında (Paris-2024) bürünc medal qazanıb.

Arena.az xəbər verir ki, paralimpiadaya avqustun 28-də start verilib.

Ötən gecə Yay Paralimpiya Oyunlarının açılış mərasimi baş tutub. Paralimpiadalar tarixində ilk dəfə tədbir stadiondan kənarda baş tutub. Məşhur Yelisey Çöllərində başlamış iştirakçıların paradı “Beş kral meydanı”ndan biri sayılan Parisdəki Konkord meydanında yekunlaşıb.

XVII Oyunların paradında 184 nümayəndə heyətində yer alan 6 minə yaxın idmançı və rəsmi şəxs iştirak edib. Azərbaycan yığması da tarixinin 8-ci analoji yarışına qatılıb.

Tədbirdə Azərbaycan bayrağını parataekvondoçu İmaməddin Xəlilov və paraatlet Lamiyə Vəliyeva dalğalandırıblar. Rəsmi və bədii hissələrdən ibarət açılışı 65 min tamaşaçı izləyib.

Bu gün isə təmsilçilərimiz ilk sınaqlarına çıxıblar. Paraüzgüçülük yarışlarında iştirak edən Azərbaycan təmsilçisi Könül Süleymanova start xəttinə çıxıb. S2 kateqoriyasında çıxış edən idmançımız 100 m məsafəyə arxasıüstə üzmədə mübarizə aparıb və 4:03,04 dəqiqəlik göstərici ilə qrupda 5-ci olub. O, yekunda ilk “səkkizliy”ə düşə bilmədiyi üçün final mərhələsinə yüksələ bilməyib.

Millimizi Fransa paytaxtında üç paraüzgüçü təmsil edir.

Bu gün parakamandan oxatma yarışlarına da start verilib. Paralimpiyaçılar ilk gündə sıralama turunda mübarizə aparıblar. Azərbaycan təmsilçisi Cahan Musayev 568 xalla 28-ci yeri tutub. O, 1/16 finalda İran təmsilçisi Mohammad Reza Arab Ameri ilə qarşılaşacaq. Bu mərhələ sentyabrın 4-də baş tutacaq. Musayevin görüşü Bakı vaxtı ilə saat 11:17-də başlayacaq.

Bu gün həm də parataekvondo yarışlarına start verilib. Azərbaycan millisinin heyətində ilk gündə 1 paralimpiyaçı dayanqa çıxıb. İlk mərhələdən azad olan Sabir Zeynalov (58 kq, K44) 1/4 finalda Mitsuya Tanaka (Yaponiya) ilə üz-üzə gəlib. Gərgin keçən döyüş parataekvondoçumuzun qələbəsi ilə bitib. 6:5 hesabı ilə qalib gələn Zeynalov mərhələ adlayıb. O, yarımfinalda türkiyəli Can Özcanla münasibətinə aydınlıq gətirib. 18:23 hesabı ilə uduzan Sabir bürünc uğrunda yarışıb. Parataekvondoçumuz tailandlı Tanva Taenxamla döyüşüb və inamlı qələbə qazanıb – 12:3. Bu, yığmamızın Fransa paytaxtında ilk medalı olub.

Parataekvondo millimiz Paralimpiadaya 3 nəfərlə yollanıb.