Azərbaycan təmsilçisi Yaylagül Ramazanova Fransada keçirilən Yay Olimpiya Oyunlarında (Paris-2024) növbəti sınağına çıxıb.
Arena.az xəbər verir ki, kamandan oxatma növündə gücünü sınayan idmançımız Olimpiadada üçüncü görüşünü keçirib.
Qadınların fərdi mübarizəsində 1/16 final mərhələsinin görüşləri baş tutub. Ramazanova da 1/8 finala vəsiqə üçün mübarizə aparıb. O, Almaniya təmsilçisi Mişel Kroppenlə görüşüb. Qarşılaşma Yaylagülün 2:6 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Nəticədə rəqibi mərhələ adlayıbsa, Ramazanova mübarizəni dayandırıb.
Qeyd edək ki, qadınların kamandan oxatma yarışında mükafatçılar avqustun 3-də bəlli olacaq.
Onu da qeyd edək ki, Yaylagül Ramazanova Olimpiadalar tarixinə ikinci Azərbaycan oxatanı kimi düşüb. Rio-2016-da Olqa Senyuk sıralama turunda 623 xalla 37-ci yeri tutmuşdu. O, 1/32 finalda çinli Çao Huiyə 1:7 hesabı ilə uduzmuşdu.
Ramazanova isə sıralama turunda 647 xalla 39-cu yeri tutmuşdu. O, 1/32 finalda Qixuan An (Çin) üzərində qələbəyə sevinmişdi.
Yaylagül Olimpiadakı çıxışını dəyərləndirib. O, azərbaycanlı jurnalistlərə açıqlamasında bunları dilə gətirib:
“Çox yaxşı hazırlıq keçmişdim. Gündə 2 dəfə məşq edirdim. Medal qazanacağına çox ümidli idim. Təəssüf ki, mükafatsız qayıdacağam. Buna baxmayaq, yaxşı təcrübə oldu. Növbəti Olimpiadada medal əldə edəcəyimə ümid edirəm”.
Azərbaycan millisi Fransada bütövlükdə 48 idmançı ilə təmsil olunur. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.
Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.
Kamandan oxatma, qadınlar
1/16 final
30 iyul
Yaylagül Ramazanova – Mişel Kroppen (Almaniya) – 2:6 (25:27, 29:27, 29:25, 27:26)