“Roma”nın hücumçusu Paulo Dibala daha bir mövsüm bu komandada qalmağa qərar verib və İtaliya klubu ilə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə “canavarlar”ın mətbuat xidməti məlumat yayıb.
Klubun rəsmi açıqlamasına görə, yeni müqavilə 2027-ci il iyunun 30-na qədər qüvvədə olacaq.
Paulo Dibala Argentinanın “İnstituto” klubunun yetirməsidir. Avropa karyerasına “Palermo” ilə başlamış Dibala buradan “Yuventus”a keçib. 2022-ci ilin iyulunda isə “Roma” Dibalanı “qoca sinyora”nın düşərgəsindən azad agent qismində heyətinə qatıb.
Dibalanın “Roma”nın heyətində çıxışının ümumi mənzərəsi 140 oyun, 45 qol və 30 məhsuldar ötürmədən ibarətdir.
Paulo Dibalanın qənimətlər muzeyində “Palermo” ilə B Seriyası çempionluğu, “Yuventus”la İtaliya çempionluğu (5 dəfə), İtaliya Kuboku (4 dəfə), İtaliya Super Kuboku (3 dəfə) var.
Paulo Dibala 2015-ci ilin oktyabrında debüt etdiyi Argentina yığmasının heytində 40 oyuna 4 qol vurub, 7 məhsuldar ötürmə verib. Dibala “albiseleste” ilə DÇ-2022-nin və 2021/2022 Çempionların CONMEBOL-UEFA Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 32 yaşlı argentinalı hücumçunun transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.


