Pedro Dias, Jerar Qumbau və Adrian Embarba “Rayo Valyekano”da

İspaniyanın “Rayo Valyekano” klubu heyətini 3 yeni futbolçu – Pedro Dias, Jerar QumbauAdrian Embarba ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Pedro Dias “Rayo Valyekano”ya Fransanın “Bordo” klubundan azad agent kimi gəlib. 26 yaşlı ispan futbolçu yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.

Mərkəz yarımmüdafiəçisi olan Pedro Dias İspaniyanın “Sportinq” (Xixon) klubunun yetirməsidir. O, “Bordo”ya 2023-cü ilin avqust ayında 2,2 milyon avro müqabilində keçmişdi. Pedro “Bordo”nun heyətində keçirdiyi 41 oyunda 7 qol və 5 məhsuldar ötürmə müəllifi olub.

Jerar Qumbau “Rayo Valyekano”ya “Qranada”dan gəlib. 29 yaşlı dayaq yarımmüdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.

“Jirona”nın yetirməsi olan Qumbau, “Barselona”, “Leqanes”, “Elçe” kimi klubların da fromasını geyinib. İspan futbolçu “Qranada”da 36 oyuna 3 assistlə yadda qalıb.

Adrian Embarba isə “Almeriya”dan bir mövsümlük icarəyə götürülüb. 32 yaşlı ispan futbolçu cari mövsümün sonunadək (2025-ci ilin 30 iyununa qədər) “Rayo Valyekano”nun uğurları üçün çalışacaq.

“Marçamalo”, “Karabançel”, “Espanyol” kimi klublarda da oynamış Embarba 2022-ci ildən “Almeriya”da çıxış edir. O, bu klubun heyətində 66 oyuna 7 qol vurub, 5 assistlə yadda qalıb. Yarımmüdafiəçi 2013-2020-ci illər aralığında isə məhz “Rayo Valyekano”da çıxış edib. O, bu komandanın heyətində 196 oyun keçirib, 33 qol vurub, 42 məhsuldar ötürmə verib.

“Rayo Valyekano” sağ vinger Andres Martini də “Rasinq”ə satıb. Klub bu satışdan 2 milyon avro qazanıb. 25 yaşlı ispan futbolçu yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.

“Kordoba”nın yetirməsi olan Andres Martin “Rayo Valyekano”ya 2019-cu ilin iyulunda 2,5 milyon avro müqabilində keçmişdi. O, bu komandada 96 oyuna 10 qol və 8 məhsuldar ötürmə müəllifi olub. Andres bu müddətdə “Rasinq” və “Tenerife”də icarədə də olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: