Britaniyalı məşhur jurnalist Pirs Morqan “adəti üzrə” “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haqı tənqid edib.
Arena.az xəbər verir ki, Morqan niderlandlı mütəxəssisin “qırmızı şeytanlar”ın portuqal ulduz hücumçusu Kristiano Ronaldo ilə yollarını ayırmaq qərarına gəlməsinin səbəbləri ilə bağlı sualı cavablayıb.
O, cavabında Ten Haqın ünvanına sərt kəlmələr işlətməkdən çəkinməyib:
“Çünki Ten Haq tamam-kamal bir axmaqdır. Üzr istəyirəm, o, axmaqdır. O, ora (“Mançester Yunayted”ə) gələndən bəri axmaq biri idi, elə deyilmi? Tamam cəfəngiyyat üyüdüb-tökür. İndi də Harri Potter və ya buna bənzər bir xüsus haqqında çərənləyir.
Kristiano Ronaldonun “Mançester Yunayted”dən ayrılmasının səbəbləri barədə danışdığımız müsahibədə mənə söylədiyi hər şey – Ten Haqdır.
Ten Haqla bağlı ən böyük fəsad odur ki, o, görkəmli akademik istedadla necə davranacağını başa düşməyən cılız, hökmlü məktəb müəllimciyi kimi görünür”, deyə Pirs Morqan Ten Haqı “baltalayıb”.
Xatırladaq ki, Erik ten Haq “Mançester Yunayted”i 2022-ci ilin iyul ayından çalışdırır. Niderlandlı mütəxəssis “qırmızı şeytanlar”ı indiyə qədər 118 oyuna çıxarıb, 69 qələbə, 15 heç-heçə, 34 məğlubiyyət yaşayıb. Topların fərqi isə 216:169 nisbətindədir.
Bu il iyulun 4-də “Mançester Yunayted” Erik ten Haqla müqaviləsinin müddətini 2026-cı ilə qədər uzatdığını rəsmən açıqlayıb.
Daha əvvəl İngiltərə Premyer Liqanın 3-cü turunda evdə “Liverpul”a məğlubiyyət Erik ten Haq üçün xoşagəlməzliklə nəticələnib. Niderlandlı mütəxəssis “qırmızı şeytanlar”ın Old Trafford”da 0:3 hesablı məğlubiyyəti mənzərəsində “Mançester Yunayted” azarkeşlərinin ağır tənqidi ilə üzləşib.
“Mançester Yunayted” bu mövsüm Premyer Liqada keçirdiyi 3 oyunda cəmi 3 xal qazanıb (1 qələbə, 2 məğlubiyyət) və 20 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.