Keçmiş futbolçu, sabiq idman məmuru Mişel Platini UEFA rəhbəri Aleksander Çeferini və FIFA prezidenti Canni İnfantinonu tənqid edib.
Arena.az “RMC Sport” dərgisinə istinadən, əfsanəvi Platininin bu barədə fikirlərini təqdim edir:
“Mən bir çox idarəçiləri tanıyıram, onları əvvəllər də tanıyırdım, amma Çeferin və İnfantino heç kimdirlər, onlar yalnız pul haqqında düşünürlər. Onlar indi çoxlu oyunları olan, yeni axmaq Çempionlar Liqası yaratdılar. Mən istərdim ki, futbolu futbol təcrübəsi olan insanlar idarə etsinlər. Oyundan həqiqətən başa çıxanlar.
Bu gün bu idman, tarixi olmayan idarəçilərin və taktikaya köklənmiş məşqçilərin əlindədir. Bir zamanlar fortepiano Motsarta verildiyi kimi, biz də topu da uşağa verməliyik. Məşqçilər indi yalnız oxlar və hərəkətlərlə dolu lövhədə cizgili rəsmləri necə çəkməyi bilirlər. Amma futbol bir oyundur, ona görə də – qoy, oyunçular sərbəst oynasınlar”, – deyə Platini vurğulayıb.
Bir çox Fransa nəşrlərinin aparıcı jurnalistlərinin Platinin bu çıxışına həmrəylik nümayiş etdirdiyi vurğulanır.
Xatırladaq ki, Mişel Platini özü də 2007-ci ilin yanvarından 2015-ci ilin dekabr ayına qədər UEFA-nın prezidenti olub. O, özü də bu quruma rəhbərlik edərkən rüşvət və müxtəlif maliyyə fırıldaqları üzrə ittiham olunub, hətta vəzifəsindən kənarlaşdıqdan sonra da məhkəmə qarşısında cavab verməli olub.


