ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino DÇ-2026-nın 1/16 finalında Bosniya və Herseqovina yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, argentinalı mütəxəssis rəqib üzərində qazandıqları 2:0 hesablı qələbədən sonra futbolçularının çıxışını yüksək qiymətləndirib.
O, komandanın son həftələrdə böyük inkişaf göstərdiyini bildirib:
“Hisslərimizi ifadə etmək çətindir, çünki onlar möhtəşəmdir. Dünya çempionatında asan oyun olmur. Son beş-altı həftədə komandamızın necə inkişaf etdiyini və yetkinləşdiyini görmək heyrətamizdir”, – deyə Poçettino söyləyib.
ABŞ millisinin çalışdırıcısı bu görüşdə turnirdəki üçüncü qolunu vuran, lakin qırmızı vərəqə alaraq meydandan qovulan Folarin Baloqanın cəzasını da ağır hesab edib:
“Bu, futbolda tez-tez rast gəlinən epizod idi. Hadisə təsadüfən baş verdi, qəsdən deyildi. Məncə, bu epizoda görə qırmızı vərəqə göstərilməməli idi”.
Poçettino bildirib ki, Baloqan paltardəyişmə otağında baş verənlərə görə məyus olsa da, komandanın növbəti mərhələyə yüksəlməsinə sevindiyini gizlətməyib:
“O, çox məyus idi. Amma eyni zamanda 1/8 finala yüksəldiyimiz üçün sevinirdi. Belə hallar futbolda olur. Ümid edirəm ki, biz növbəti mərhələyə də yüksələrik və o, yenidən komandaya kömək edə bilər”.
Baş məşqçi ikinci qolu cərimə zərbəsindən vuran Malik Tillmanın çıxışını da xüsusi qeyd edib:
“Malik inanılmaz istedada malik futbolçudur. Onun cərimə zərbələrindən qol vura biləcəyini bilirdik. Onun adına çox sevinirəm”.
Bosniya və Herseqovina millisinin baş məşqçisi Sergey Barbarez isə məğlubiyyətə baxmayaraq futbolçuları ilə qürur duyduğunu bildirib:
“Futbolçularımla fəxr edirəm. Dünya çempionatının pley-off mərhələsinə yüksəlmək qeyd olunmalı nəticədir. Kədərlənməyə dəyməz. Bu, futbolun və həyatın bir hissəsidir”.
Təcrübəli mütəxəssis komandasının səhvlər etdiyini və qol imkanlarından yararlana bilmədiyini etiraf etsə də, mundialdakı çıxışın Bosniya və Herseqovina futbolu üçün mühüm uğur olduğunu vurğulayıb:
“İndi evə qayıdıb azarkeşlərlə görüşməyi səbirsizliklə gözləyirik. Yalnız onların arasında olanda əldə etdiyimiz uğurun nə qədər dəyərli olduğunu tam hiss edəcəyik. Məğlub olsaq da, dünya çempionatının pley-offunda oynadığımız üçün qürur hissi keçirirəm. Hazırda dünyanın ən qürurlu məşqçisiyəm”.


