Azərbaycanın voleybol üzrə qadınlardan ibarət milli komandasının aparıcı oyunçusu Polina Rəhimova yığma karyerasını başa vuracağını açıqlayıb.
Arena.az xəbər verir ki, voleybolçu bunu Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmi saytına açıqlamasında deyib.
36 yaşlı hücumçu Bakıda təşkil olunacaq AÇ-2026-nın qrup mərhələsinin matçlarından sonra yığma ilə vidalaşacağını bildirib:
“Evdə karyerama yekun vurmaq böyük fürsətdir. Milli komandaya kömək etmək üçün gəlmişəm və eyni zamanda voleyboldan sonrakı həyata hazırlaşıram. Karyeramı başa vurduqdan sonra yığmada baş məşqçinin köməkçisi kimi fəaliyyət göstərmək istəyirəm. Bu alınmasa, ailə qurub ana olmağı planlaşdırıram”.
Ardıcıl doqquzuncu dəfə Avropa çempionatında mübarizə aparacaq təcrübəli voleybolçu milliyə qayıtdığı üçün qürur duyur:
“Yenidən milli komandaya qayıtdığım və ölkəmizin bayrağını qoruduğum üçün necə qürurlu və xoşbəxt olduğumu sözlə ifadə edə bilmirəm. Artıq ikinci dəfədir ki, öz evimizdə oynayacağıq. Digər ölkələri qəbul etmək, Azərbaycanı dünyaya tanıtmaq və ölkəmizin səfiri olmaq böyük şərəfdir”.
Voleybolçu Milli Gimnastika Arenasında keçiriləcək C qrupunun oyunlarında Azərbaycan yığmasının hədəflərindən bəhs edib:
“Komandamız dəyişib. Artıq heyətdə köhnə, təcrübəli oyunçular yoxdur. Yeni nəsil formalaşır və əvəzetmə imkanlarımız o qədər də çox deyil. Bu, böyük sınaq olacaq, lakin turnirə müsbət yanaşıram. Hazırda əsas məqsədimiz qrup mərhələsini keçməkdir. Böyük vədlər vermək istəmirəm, çünki reallığı görürəm və inkişaf etdirilməli çox məqam var. Biz, sadəcə, əlimizdən gələnin ən yaxşısını etməliyik. Azarkeşlərin dəstəyi bizə kömək edəcək”.
Qeyd edək ki, Polina Rəhimova Azərbaycan millisi ilə 2005 və 2017-ci illərdə Avropa çempionatında 4-cü yeri tutub. O, AÇ-2017-də 151 xalla turnirin ən məhsuldar voleybolçusu olub. Təcrübəli idmançı 2015-ci ildə Yaponiya çempionatının matçında 58 xal toplayaraq bir oyunda ən çox xal toplamaq üzrə dünya rekorduna imza atıb.
Avqustun 21-dən 28-dək keçiriləcək C qrupunun oyunlarında Azərbaycan millisi Belçika, Niderland, Portuqaliya, Rumıniya və İspaniya seçmələri ilə qarşılaşacaq.


