Premyer Liqa: Çempiona uduzmayan “Brayton”dan tarixi uğur

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2022/2023 mövsümünün 32-ci turundan təxirə salınmış bir oyun keçirilib. Arena.az xəbər verir ki, günün yeganə matçında çempionluğu təmin etmiş “Mançester Siti” səfərdə “Brayton”la qarşılaşıb.

Qarşılaşmada hesabı ilk hissənin əvvəlində Mançester təmsilçisi açıb. Amma fasiləyə qədər meydan sahibləri hesaba tarazlıq gətirə biliblər. Qalan dəqiqələrdə başqa qol qeydə alınmadığından tərəflər meydanı hərəyə 1 xalla tərk ediblər.

Bu nəticədən sonra lider “Mançester Siti” xallarının sayını 89-a çatdırıb. Uğurlu mövsüm keçirən və tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanmış “Brayton” isə 62 xalla 6-cı pillədə qərarlaşıb. Roberto De Dzerbinin çalışdırdığı sözügedən komandanın gələn mövsüm İngiltərəni Avropa Liqasında təmsil edəcəyi dəqiqləşib.

Xatırladaq ki, İngiltərə Premyer Liqasında mövsümü beşinci və altıncı sırada tamamlamış komandalar Avropa Liqasının qrup mərhələsinə yollanırlar. Yeddinci yeri tutmuş komanda isə Avropa Konfrans Liqasının təsnifat mərhələsində iştirak edir. Hazırda 5-ci pillədə 66 xalı olan “Liverpul” qərarlaşıb. “Aston Villa” isə 58 xalla yeddincidir. Lakin son turda bu komanda uduzsa, mövqeyini “Tottenhem” (57 xal) və ya “Brentford”a (56 xal) təhvil verə bilər.

Sabah 32-ci turdan təxirə salınmış daha bir oyun keçiriləcək. “Mançester Yunayted” doğma meydanda “Çelsi” ilə üz-üzə gələcək. Bu oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

İngiltərə, Premyer Liqa
32-ci turun oyunu
24 may

Brayton – Mançester Siti 1:1
Qol: Enkiso, 38 – Foden, 25.

25 may

23:00. Mançester Yunayted – Çelsi