Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 29-cu turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, turun qapanış matçında “Neftçi” “Sumqayıt”ı qəbul edib.
Hər iki komandanın avrokuboklara vəsiqə uğrunda mübarizə aparması bu oyuna olan marağı daha da artırırdı. Bu oyundan öncə 43 xala malik “ağ-qaralar” qalib gəlməklə 2-ci pillədə qalmaq istəyirdilər. Əks halda paytaxt təmsilçisi mövqeyini ya “Zirə”yə, ya da məğlub olacağı halda elə “Sumqayıt”a təhfil verməli olacaqdı. Çünki sumqayıtlılar da 42 xalla 4-cü pillədə qərarlaşmışdılar.
“Neftçi” “Sumqayıt”la bu günə qədər 46 oyun keçirmiş və 23 qələbə qazanmışdı. Sumqayıtlıların hesabında isə 14 qələbə vardı. Daha 9 görüş bərabərliklə yekunlaşmışdı. Son iki görüşdə “Sumqayıt” eyni – 2:1 hesablı qələbə qazanmşdı.
Elə bu oyunda da hesabı sumqayıtlılar açıblar. Qonaqlar avtoqol sayəsində üstünlük qazansalar da, fasilədən sonra penaltidən buraxılan qolla bu üstünlüyü əldən veriblər. Beləcə, bu qarşılaşmada qalib müəyyənləşməyib.
Xatırladaq ki, 29-cu turun daha öncə baş tutan oyunlarında “Araz-Naxçıvan” “Kəpəz”ə uduzmuş (1:2), “Turan Tovuz” “Sabah”a (2:0), “Qarabağ” “Səbail”ə (4:2), “Zirə” isə “Qəbələ”yə (4:0) qalib gəlmişdi.
Premyer Liqa
29-cu tur
7 aprel
“Neftçi” – “Sumqayıt” 1:1
Qollar: Emin Mahmudov, 73-pen – Yuri Matias, 13-öz qapısına.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabbarov.
Bakı. “Neftçi Arena”, 20:00.
Neftçi: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 99. Ervin Koffi, 44. Yuri Matias, 17. Rəhman Hacıyev, 88. Brayan Moreno, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 2. Qara Qarayev, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanski, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 9. Andre Şinyaşiki.
Baş məşqçi: Miodraq Bojoviç.
Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kazimir Ninqa, 12. Abu Dosso, 4. İsa Suliman, 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 10. Kamran Əliyev, 9. Erik Sorqa, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.


