Premyer Liqa: “Sumqayıt” Zirədən yenə əliboş qayıtdı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 6-cı turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Zirə” “Sumqayıt”ı qəbul edib. Zirə İdman Kompleksinin stadionunda baş tutan oyunu Kamranbəy Rəhimov idarə edib.

“Zirə” cari mövsümə ardıcıl 4 qələbə ilə başlasa da, bu gün başa çatan fasilə ərəfəsində səfərdə “Qəbələ”yə məğlub olmuşdu. Buna baxmayaraq, Rəşad Sadıqovun komandası 12 xalla vahid lider idi. Bir oyunu təxirə salınmış “Sumqayıt” isə 4 oyuna topladığı 7 xalla 4-cü sırada qərarlaşmışdı.

“Zirə” ilə “Sumqayıt” bugünədək 31 oyunda üz-üzə gəlmişdilər ki, bu görüşlərdə qəsəbə təmsilçisi 17 qələbə qazanmışdı. 8 oyun heç-heçə bitdiyi halda Sumqayıt təmsilçisi 6 dəfə 3 xala sevinmişdi. “Sumqayıt” 11 oyun idi bu rəqibinə qalib gələ bilmirdi. “Zirə” son üç matçda qələbə qazanmışdı.

Bu seriya bugünkü matça da davam edib. Halbuki, “Zirə” artıq 10-cu dəqiqədə Pyer Zeblinin meydandan qovulması nəticəsində azlıqda qalıb. Buna baxmayaraq, meydan sahibləri Məqsəd İsayevin vurduğu yeganə qol sayəsində bu oyundan 3 xalla ayrılmağı bacarıblar.

Premyer Liqa
1-ci tur
15 sentyabr

“Zirə” – “Sumqayıt” 1:0
Qol: Məqsəd İsayev, 45+1.
Qırmızı vərəqə: Pyer Zebli, 10.
Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Eyyub İbrahimov, Vüqar Həsənli.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 5. Stefan Akka, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 23. Andriya Lukoviç, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 28. Abbas İbrahim, 7. Filipe Paxtman.
Baş məşqçi: Rəşad Sadıqov.

Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 11. Kazimir Ninqa, 58. Oktavio Manteka, 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 12. Murad Ağamalıyev, 6. Vüqar Mustafayev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 19. Roi Kehat, 10. Kamran Əliyev, 18. Kristian Velinovski, 9. Erik Sorqa, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: