Futbol üzrə Polşa milli komandasının mərkəz müdafiəçisi Pşemislav Vişnevski İtaliyanın “Venetsiya” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu bu ölkənin digər klubu “Spetsiya”ya transfer olunub.
Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Müdafiəçi yeni klubu ilə müddəti 2027-ci ilin 30 iyununa qədər olan müqaviləyə imza atıb. “Spetsiya” bu transferə görə “Venetsiya”ya 3 milyon avro ödəyib.
Pşemislav Vişnevski Polşanın “Qurnik” (Zabje) klubunun yetirməsidir. O, “Venetsiya”ya 2022-ci ilin yayında transfer olunmuşdu. Müdafiəçi B Seriyası klubunda 20 oyuna çıxıb. Vaxtilə Polşanın U-20 və U-21 yığmalarında oynamış futbolçu hazırda əsas milliyə dəvət olunur.
“Spetsiya” öz mərkəz müdafiəçisi Petko Hristov ilə hücumçusu Samuel Mrazı isə icarəyə verib. Hristov məhz “Venetsiya”ya keçib. Mraz isə karyerasını Yunanıstanın “Anortosis” klubunda davam etdirəcək. Hər iki futbolçunun bu mövsümün sonuna qədər icarədə olacağı açıqlanıb.
Samuel Mraz 2021-ci ilin avqust ayında “Empoli”dən 1.6 milyon avro qarşılığında “Spetsiya”ya keçmişdi. Slovakiyadan olan hücumçu bu komandanın heyətində cəmi 3 matça çıxıb. 25 yaşlı forvard bundan öncə “Slovan” (Bratislava) və “Mirandes”də də icarədə oynayıb. Peşəkar karyerasına “Seniça”da başlamış Mraz, “Jilina”, “Empoli”, “Krotone”, “Brondbü” və “Zaqlembe” (Lyubin) kimi klubların da formasını geyinib. O, Slovakiya yığmasında da 4 oyun keçirib və 1 qol vurub.
Petko Hristov isə 2021-ci ilin iyul ayından formasını geyindiyi “Spetsiya”da 30 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Bolqarıstandan olan mərkəz müdafiəçisi Sofiya “Slaviya”sının yetirməsidir. 2017-ci ildə məhz bu klubdan “Fiorentina”ya transfer olunan 23 yaşlı futbolçu, “Ternana”, “Bişelye” və “Pro Verçelli” kimi komandalarda da icarədə oynayıb. O, 2021-ci ildən cəlb olunduğu Bolqarıstan milli komandasında 17 oyuna çıxıb.
“Venetsiya” onu da “Salernitana”ya göndərdi
Yeri gəlmişkən, Pşemislav Vişnevskini “Spetsiya”ya satan “Venetsiya”, yarımmüdafiəçisi Domen Çrniqoyu da A Seriyasının digər təmsilçisi “Salernitana”ya icarəyə verib. Sloveniyadan olan 27 yaşlı futbolçu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. “Salernitana” yarım mövsümlük icarə üçün “Venetsiya”ya 350 min avro ödəyib. Futbolçunun transfer hüquqlarının alınması üçün isə əlavə 1.5 milyon avro ödəniş etmək lazım gələcək.
Domen Çrniqoy Sloveniyanın “Koper” klubunun yetirməsidir. “Luqano”da da oynamış futbolçu 2020-ci ilin yayından “Venetsiya”da çıxış edir. O, bu komandanın heyətində 92 oyuna çıxıb, 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Çrniqoy Sloveniya milli komandasında da 26 oyun keçirib, 3 qol vurub.


