Futbol üzrə Fransa çempionatının və Çempionlar Liqasının sonuncu qalibi olan PSJ UEFA Super Kubokunun da qalibi olub.
Arena.az xəbər verir ki, Luis Enrikenin rəhbərlik etdiyi Paris klubu Zalsburqdakı “Red Bull Arena”da keçirilən qarşılaşmada İngiltərənin “Aston Villa” komandasını 2:1 hesabı ilə məğlub edib.
Görüşün 20-ci dəqiqəsində Xviça Kvaratsxeliya PSJ-ni hesabda önə keçirib. İlk hissənin sonlarına doğru “Aston Villa” təşəbbüsü ələ alıb və 17 yaşlı hücumçu Madjo 45-ci dəqiqədə Con Makqinin ötürməsindən sonra hesabı bərabərləşdirib.
İkinci hissədə Fransa nəhəngi yenidən üstünlüyü ələ keçirib. 61-ci dəqiqədə Usman Dembele ilə əla anlaşan Dezirə Due qapıçı ilə üz-üzə qalaraq topu tora göndərib. Əvvəlcə ofsayd səbəbilə qeydə alınmayan qol VAR müdaxiləsindən sonra təsdiqlənib.
Qarşılaşmanın son bölümündə “Aston Villa” hesabı bərabərləşdirmək üçün irəli atılsa da, PSJ müdafiəsi rəqibinə daha bir qol vurmağa imkan verməyib. Beləliklə, Paris klubu 2:1 hesablı qələbə ilə kuboku ikinci dəfə ardıcıl qazanıb.
PSJ üçün bu qələbə klubun 56-cı ildönümündə əldə olunub. Matçın ən yaxşı oyunçusu isə bir qol və bir məhsuldar ötürmə ilə yadda qalan Dezirə Due seçilib.


