PSJ Neymarı satacağı halda maliyyə güzəştləri etməyəcək

Fransa çempionu PSJ komandanın braziliyalı hücumçusu Neymarın satışı müqabilində ən azı 150 milyon avro qazanmaq istəyindədir.

Arena.az bu barədə AS portalına istinadən məlumat verir.

Neymarın Paris klubundan ayrılmaq istədiyi bildirilir. Bununla belə, Fransa nəhəngi ulduz futbolçunun mümkün transferini müzakirə edərkən, müştəri klub üçün maliyyə güzəştlərinə getməyə hazır deyil. Eyni zamanda vurğulanır ki, parislilər ulduz futbolçunun maaşına qənaət etmək üçün, onu icarəyə göndərmək variantını nəzərdən keçirə bilərlər. Ancaq bu halda PSJ, Neymarın icarə müqaviləsində növbəti mövsüm üçün mütləq satınalma maddəsinin daxil edilməsində israrlıdır.

Daha əvvəl bildirilirdi ki, Neymarın karyerasını davam etdirmək üçün üç yolu var: İngiltərə Premyer Liqası, ABŞ MLS-i və Səudiyyə Ərəbistanı Peşəkar Liqası.

Neymar 2017-ci ildən PSJ-də çıxış edir. Fransa nəhəngi o vaxt braziliyalı superulduzu heyətinə qatmaq üçün “Barselona”ya 222 milyon avro ödəyib ki, bu da dünya futbol tarixinin mütləq transfer rekordudur.

Neymarın müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2022/2023 mövsümündə mütəmadi zədələrdən əziyyət çəkməsinə rəğmən, Neymar 29 oyuna çıxıb, 18 qol vurub, 17 məhsuldar ötürmə verib və parislilərlə Fransa çempionluğunu qazanıb.

“Transfermarkt” internet-portalı 31 yaşlı Neymarı 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: