Fransa çempionu PSJ braziliyalı futbolçu Neymarın Lionel Messi ilə birlikdə Paris klubunda “cəhənnəmdə idik” ifadəsini cavablayıb.
Arena.az Fransanın məşhur “L’Equipe” nəşrinə istinadən məlumat verir ki, parislilər klubdan şikayətçi olan hər iki ulduzun komandada qalmaq istəyində olduğunu vurğulayıblar:
“Biz heç bir şərh vermirik. Bizim müəyyən zərifliyimiz var. Maraqlıdır ki, hər iki oyunçu komandada qalmaq istəyirdi”, deyə Paris klubundan bildirilib.
Bu arada “Arsenal”ın və Fransa yığmasının sabiq yarımmüdafiəçisi Rober Pires məsələyə öz münasibətini açıqlayaraq, Neymarı işlətdiyi ifadə müqabilində tənqid edib:
“Mən bunu zarıncı adlandırıram. Peşəkar futbolçu olmaq – təzyiqə davam gətirmək deməkdir. Bəzən yaxşı oynayanda tərif almaq xoşdur. Amma sən bunu etmədiyin zaman… Belə, bu, oyunun bir hissəsidir. Bizim hamımızı tənqid ediblər. Mən “Arsenal”a keçəndə Mark Overmarsı əvəz etməli oldum və onlar ümidsiz olduğumu dedilər. Mən ağzıma qıfıl vurdum, çalışmağa davam etdim və ən nəhayət bu, öz bəhrəsini verdi”, – “Get French Football News” Piresdən sitat gətirib.
Xatırladaq ki, PSJ-nin sabiq braziliyalı superulduzu Neymar son müsahibəsində keçmiş komanda yoldaşı argentinalı ulduz Lionel Messi haqda xatirələrini paylaşıb. O, Paris klubunda birlikdə “cəhənnəm” yaşadıqlarını ifadə edib.
Hər iki ulduz cari ilin yay transfer pəncərəsində Parisi tərk ediblər. Əvvəlcə Messi azad agent qismində MLS təmsilçisi “İnter Mayami”yə keçib. Daha sonra isə Neymar öz razılığı ilə Səudiyyə Ərəbistanı Peşəkar Liqasının təmsilçisi “Əl-Hilal”a transfer edilib.


