Futbol üzrə Braziliya milli komandasının hücumçusu Qabriel Jezus İngiltərədə klubunu dəyişib. Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu “Mançester Siti”dən ayrılıb.
Forvard bundan sonra “Arsenal”ın uğurları üçün çalışacaq. Bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tərəflər 5 illik müqaviləyə imza atıblar. Futbolçu yeni komandasında 9 nömrəli formanı geyinəcək. “Topçular” bu transfer üçün “Mançester Siti”yə 45 milyon funt-sterlinq ödəyəcək.
Qabriel Jezus 2017-ci ilin yanvarından “Mançester Siti”də çıxış edirdi. O, ötən mövsüm bu komandanın heyətində 41 matçda 13 qol vurub və 12 məhsuldar ötürmə edib. Braziliyalı forvard “şəhərlilər”lə keçirdiyi 6 mövsüm ərzində bütövlükdə 236 matça çıxıb. O, bu oyunlarda 95 qola imza atıb.
Jezus “Mançester Siti”dən əvvəl yetirməsi olduğu “Palmeyras”da forma geyinib. O, Braziliya milli komandasının heyətində meydana çıxdığı 56 oyunda 19 qolla yadda qalıb.


