Qabriel Mureşan faciəvi şəkildə vəfat etdi

Futbol üzrə Rumıniya millisinin və Rusiyanın “Tom” klubunun sabiq futbolçusu Qabriel Mureşan 44 yaşında faciəvi şəkildə dünyasını dəyişib.

Arena.az xəbər verir ki, bu barədə Rumıniya Futbol Federasiyası məlumat yayıb.

Federasiyanın bəyanatında deyilir:

“Rumıniya Futbol Federasiyası Rumıniya millisinin sabiq futbolçusu və ÇFR klubunun heyətində ikiqat ölkə çempionu olmuş Qabriel Mureşanın 44 yaşında vəfat etdiyini dərin hüznlə bildirir. Federasiya onun ailəsinə, yaxınlarına və onu tanıyan hər kəsə səmimi başsağlığı verir”.

Rumıniyanın “Digi24” telekanalının məlumatına görə, Mureşan ölkənin mərkəzində yerləşən Mureş dairəsinin Apold kommunasında göldə boğulub. O, 2020-ci ildən həmin kommunanın meri vəzifəsində çalışırdı.

Hadisədən sonra həkimlər sabiq futbolçunu həyata qaytarmağa çalışsalar da, onların bütün səyləri nəticəsiz qalıb.

Yarımmüdafiəçi mövqeyində çıxış edən Mureşan 2013–2014-cü illərdə Rusiyanın “Tom” klubunun formasını geyinib və burada 23 oyuna çıxıb. O, karyerası ərzində Rumıniyanın “Qaz Metan”, “Qloriya”, ÇFR və “Tırqu Mureş” klublarında da çıxış edib.

Qabriel Mureşan 2007–2013-cü illərdə şərəfini qoruduğu ÇFR ilə iki dəfə Rumıniya çempionu, üç dəfə ölkə kubokunun, iki dəfə isə Super Kubokun qalibi olub. O, Rumıniya millisinin heyətində 9 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: