Qabriel Sara 18 milyon avroya “Qalatasaray”da!

İngiltərənin “Norviç Siti” klubunun braziliyalı mərkəz yarımmüdafiəçisi Qabriel Sara bundan sonra “Qalatasaray”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə çempionu rəsmi saytı vasitəsilə məlumat yayıb.

İstanbul klubu braziliyalı oyunçunu 18 milyon avro qarşılığında heyətinə qatıb. 25 yaşlı futbolçu ilə 5 illik (2029-cu ilin 30 iyununadək) müqavilə imzalanıb.

Qabriel Sara Braziliyanın “San Paulo” klubunun yetirməsidir. Yarımmüdafiəçi 2022-ci ilin iyul ayında 10 milyon avro müqabilində “Norviç Siti”yə keçmişdi. Sara İngiltərə klubunun heyətində 96 oyuna çıxıb, 21 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.

“Qalatasaray” bir neçə futbolçusu ilə də yollarını ayırıb. İstanbul klubu mərkəz müdafiəçisi Emin Bayramı Belçika təmsilçisi “Vesterlo”ya satıb. Klub bu satışndan 4 milyon avro qazanıb. Emin yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.

“Qalatasaray”ın öz yetirməsi olan Emin Bayram ötən mövsümü məhz “Vesterlo”da icarədə keçirib. O, daha öncə “Boluspor”da da icarədə olub. “Qalatasaray”ın əsas komandasında 20 oyun keçirmiş müdafiəçi “Vesterlo”da da 24 oyuna 1 qol və 2 assistlə yadda qalıb. Türkiyənin müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış 21 yaşlı müdafiəçiyə hələ əsas millidə debüt qismət olmayıb.

“Qalatasaray”ın mərkəz yarımmüdafiəçisi Hamza Akman da Danimarkanın “Sonderyuske” klubuna keçib. 19 yaşlı futbolçu azad agent kimi üz tutduğu Danimarka təmsilçisi ilə 3 illik sözləşmə imzalayıb.

Hamza Akman “Qalatasaray”ın əsas komandasında 3 oyuna çıxıb. O, bu oyunlarda 1 qol və 1 assistlə yadda qalıb. Yarımmüdafiəçi Türkiyənin U-16, U-18 və U-19 yığmalarında da oynayıb.

“Qalatasaray” bir müddət öncə yeni müqavilə bağladığı sol cinah müdafiəçisi Kazımcan Karataşı da Rusiyanın “Orenburq” klubuna icarəyə verib. 21 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq.

Kazımcan Karataş “Altay”ın yetirməsidir. O, “Qalatasaray”a 2022-ci ildə 1,14 milyon avro qarşılığında keçib. Gənc müdafiəçi İstanbul nəhənginin heyətində 24 matç keçirsə də, fərqlənə bilməyib. O, Türkiyənin U-17, U-19 və U-21 yığmalarında da oynayıb.