“Qalatasaray” norveçli yarımmüdafiəçi gətirdi, onunla vidalaşdı

Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, “sarı-qırmızılar” Niderlandın “Alkmaar” klubundan Fredrik Midtsyeni transfer edib.

Norveçli yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Türkiyə klubu bu keçidə görə Niderland təmsilçisinə 3.5 milyon avro təzminat ödəyəcək. Futbolçu özü isə yeni klubunda ilinə 975 min avro qazanacaq.

Fredrik Midtsyo peşəkar karyerasına “Rusenborq”da başlayıb. O, bu komandada olarkən “Ranheym” və “Sandnes” klublarında icarədə də oynayıb. 28 yaşlı yarımmüdafiəçi 2017-ci ildən “Alkmaar”da forma geyinirdi. O, Niderland klubunda 195 matça çıxıb, 7 qol vurub, 33 məhsuldar ötürmə edib. Midtsyo Norveç yığmasında da 11 oyun keçirib.

“Qalatasaray” öz oyunçularından Aytaç Kara ilə də yollarını ayırıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, dayaq yarımmüdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Aytaç Kara “Qalatasaray”a 2021/22 mövsümünün əvvəlində “Kasımpaşa”dan transfer olunmuş və 3 illik müqaviləyə imza atmışdı. Lakin o, əsas heyət üzvünə çevrilə bilmədiyi üçün mövsümün ikinci dövrəsində “Göztəpə”yə icarəyə verilmişdi.

Artıq Aytaç Karanın yeni komandası da bəllidir. O, keçmiş komandası “Kasımpaşa”ya qayıdıb. Tərəflər arasındakı müqavilənin müddəti açıqlanmayıb. 29 yaşlı futbolçu 2019/2021-ci illər aralığında oynadığı “Kasımpaşa”dan başqa, “Altay”, “Əskişəhərspor”, “Trabzonspor”, “Yeni Malatyaspor” və “Bursaspor”un da formasını geyinib. O, Türkiyə millisində də 2 oyun keçirib.

“Kasımpaşa” bir neçə gün öncə “Trabzonspor”dan ayrılan Yunus Mallını da heyətinə qatıb. Tərəflər arasındakı müqavilənin müddəti açıqlanmayıb.

Yunus Mallı “Trabzonspor”a 2021-ci ilin yanvarında Almaniyanın “Volfsburq” klubundan gəlmişdi. Mönhenqladbax “Borussiya”sının yetirməsi olan yarımmüdafiəçi Almaniyada “Union Berlin” və “Maynts”ın da formasını geyinib. Türkiyə millisində 25 oyun keçirmiş futbolçu, cəmi 1 qol vurub.

“Kasımpaşa” Kosovo yığmasının yarımmüdafiəçisi Bersant Çelinanı da heyətinə qatıb. 25 yaşlı futbolçu Fransanın “Dijon” klubundan icarəyə götürülüb. “Mançester Siti”nin yetirməsi olan, bu komandada cəmi 1 oyun keçirmiş Bersant, karyerası ərzində “Tvente”, “İpsviç Taun”, “Suonsi Siti” kimi klubların da formasını geyinib. O, 2020-ci ildən “Dijon”da çıxış edirdi. Kosovo yığmasında 31 oyun keçirmiş futbolçu, 2 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: