“Qarabağ” dünya reytinqində daha 14 pillə irəlilədi

Azərbaycanın “Qarabağ”, “Zirə”, “Sabah” və “Araz-Naxçıvan” klublarının dünya reytinqindəki mövqeləri müəyyənləşib.

Arena.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu gün klubların yeni dünya reytinqini açıqlayıb.

İFFHS-in cədvəlində planetin 501 ən yaxşı komandası yer alıb. Siyahıda Azərbaycanı 4 klub təmsil edib. “Qarabağ” 171 xalla dünyada 82-cidir. Ağdam klubu ötən ayla müqayisədə 14 pillə irəliləyib.

“Köhlən atlar”la eyni mövqedə İtaliyanın “Napoli” komandası da qərarlaşıb. Hansı ki, İtaliya çempionu UEFA Çempionlar Liqasının Liqa mərhələsində Ağdam klubunun rəqiblərindən biridir.

Digər klublarımızdan “Sabah” (81 xal) 302-ci mövqedən 296-ya yüksəlib. “Araz-Naxçıvan” (66,5) 355-dən 391-ə, “Zirə” (65,5) isə 380-dən 407-yə enib.

Dünya reytinqinə 537 xalı olan Fransa çempionu PSJ rəhbərlik edir. İspaniyanın “Real” klubu 505 xalla ikincidir. İlk üçlüyü İtaliyanın “İnter” klubu qapayır – 493 xal.

Reytinq siyahısının ilk 10 pilləsində qərarlaşmış komandaların siyahısını təqdim edirik:

  1. PSJ (Fransa) – 537 xal
  2. Real (Madrid, İspaniya) – 505 xal
  3. İnter (Milan, İtaliya) – 493 xal
  4. Çelsi (İngiltərə) – 485 xal
  5. Barselona (İspaniya) – 451 xal
  6. Bayern (Almaniya) – 434 xal
  7. Arsenal (İngiltərə) – 369 xal
  8. Flamenqo (Braziliya) – 368 xal
  9. Borussiya (Dortmund, Almaniya) – 365 xal
  10. Atletiko (Madrid, İspaniya) – 352
Xəbəri sosial şəbəkələrdə paylaş: