“Qarabağ” “Gent”ə Bakıda qalib gəldi – Tarixi uğura bir addım qaldı

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində ilk oyununa çıxıb. Arena.az xəbər verir ki, Ağdam təmsilçisi doğma meydanda Belçikanın “Gent” komandası ilə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyuna saat 21:45-də start verilib. İlk hissəsi qolsuz bitən matçın ikinci yarısı Ağdam təmsilçisi üçün daha uğurlu alınıb. Komandamız əvvəlcə penalti qazanıb. Lakin təəssüf ki, Ramil Şeydayev həmin şansı boşa verib. Milli komandamızın da üzvü olan təcrübəli forvardın zərbəsini qapıçı dəf edib. Amma ruhdan düşməyən Azərbaycan çempionu matçın sonlarında qələbə qolunu vurmağı bacarıb. Leandro Andrade adını tabloya yazdırıb. Beləcə, təmsilçimiz bu vacib qarşılaşmadan qalib ayrılmağı bacarıb.

Xatırladaq ki, “Gent”lə qarşılaşma Ağdam təmsilçisinin UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində ikinci sınağıdır. Qurban Qurbanovun çalışdırdığı komanda ötən il bu mərhələdə Fransanın “Olimpik” (Marsel) komandası ilə qarşılaşmış və mübarizəni dayandırmışdı. Ümid edək ki, bu dəfə sevinən tərəf Azərbaycan çempionu olacaq.

“Gent”lə cavab oyunu fevralın 23-də Belçikada baş tutacaq. Ağdam təmsilçisi səfərdə məğlub olmasa, daha bir tarixi uğura imza atacaq. Çünki indiyə qədər heç bir komandamız avrokuboklarda bura qədər irəliləyə bilməyib.

Avropa Konfrans Liqası
1/16 finalın ilk oyunu
16 fevral

Qarabağ – Gent 1:0
Qol: Leandro Andrade, 78.
Matçın 52-ci dəqiqəsində R.Şeydayev penaltidən yararlana bilməyib (qapıçı)
Hakimlər: Məhəmməd Əl-Hakim, Fredrik Kliver, Robin Vilde, Boyan Pandziç (hamısı İsveç).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 23. Luka Quqeşaşvili. 6. Julio Romao, 8. Marko Yankoviç, 9. Musa Qurbanlı, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 94. Ayhan Arazlı, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 7. Yassin Benzya, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 87. Adama Diakabi, 99. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.
Gent: 33. Deyvi Rof, 2. Cozef Okumu, 5. Mişel Nqadye-Nqadyui, 7. Xönseok Xon, 11. Uqo Kuypers, 13. Jülyen De Sart, 14. Alessio Kastro-Montes, 20. Villi Orban, 23. Cordan Torunariqa, 24. Sven Kums (k), 31. Bruno Qodo.
Ehtiyat oyunçular: 1. Pol Nardi, 10. Yens Petter Hauge, 17. Endryü Hyulsager, 19. Malik Fofana, 22. Seleyman Marre, 25. Nurio Fortuna, 29. Loran Depuatr.
Baş məşqçi: Heyn Vanhazebruk.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: