Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasında yeni mövsümə start verib. Arena.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin 1-ci təsnifat mərhələsində Polşa “Lex”i ilə mübarizə aparır.
“Köhlən atlar” Poznan təmsilçisinə qarşı ilk matçını səfərdə keçirib. Azərbaycan çempionu matçın böyük hissəsini rəqibin qapısı ağzında keçirməsinə baxmayaraq, bu görüşdə fərqlənə bilməyib. Əvəzində “Lex” ilk təhlükəli hücumundaca müdafiə xəttimizin səhvindən maksimum yararlanıb və hesabı açıb. Qalan dəqiqələrdə hesab dəyişməz qalıb və Polşa çempionu doğma meydanda minimal hesabla qalib gəlib.
Bu komandalar arasındakı cavab matçı bir həftə sonra Bakıda baş tutacaq.
Xatırladaq ki, Ağdam komandasının son illərdə Polşa klublarına qarşı uğurlu oyunları çox olub. Belə ki, “Qarabağ” əvvəlki mövsümlərdə Avropa Liqasında bu ölkənin “Visla”, “Pyast” və “Legiya” klublarına qarşı görüşlərin hamısında mərhələ adlayan tərəf olub. “Köhlən atlar”ın bu uğurlu “ənənə”ni bu dəfə də davam etdirəcəyinə ümid böyükdür. Lakin unutmaq lazım deyil ki, “Lex” də Azərbaycan komandaları ilə oyunlarda çox yaxşı statistikaya malikdir. İndiyə qədər avrokuboklarda bu komandaya rəqib olan heç bir komandamız Poznan təmsilçisini keçə bilməyib.
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunu
5 iyul
Lex – Qarabağ 1:0
Qol: M.İshak, 41.
Hakimlər: Xose Luis Munuera, Pau Sebrian Devis, Antonio Ramon Martines Moreno, Xorxe Figeroa Vaskes (hamısı İspaniya).
Polşa, Poznan.
Lex: 1. Artur Rudko, 2. Joel Pereyra, 5. Pedro Reboşo, 6. Yesper Karlström, 9. Mikael İshak (k), 16. Antonio Miliç, 21. Mixal Skoraş, 22. Radoslav Muravski, 23. Kristoffer Velde, 24. Joao Amaral, 37. Lubomir Şatka.
Ehtiyat oyunçular: 35. Filip Bednarek, 3. Barri Duqlas, 7. Afonso Souza, 10. Daniel Ramires, 14. Georgi Tsitaişvili, 17. Filip Şimçak, 20. Maksimilian Pinqot, 30. Nika Kvekveskiri, 44. Alan Çervinski, 50. Adriel Ba Loua, 90. Artur Sobiex.
Baş məşqçi: Con van den Brom.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 20. Kadi Borges, 15. Leandro Andrade, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 4. Rahil Məmmədov, 8. Marko Yankoviç, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev.
Baş məşqçi: Qurban Qurbanov.


